“Şaxtyor”un hücumçusu milli komandamızla oyuna çağırıldı
31.05.2011 - 09:13
“Şaxtyor”un hücumçusu milli komandamızla oyuna çağırıldı
Qazaxıstan millisinin futbolçusu Sergey Lisenkovun Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması ilə rəsmi oyunda iştirak etməyəcəyi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, “Aktobe” klubunun hücumçusu iyunun 3-də Astanada keçiriləcək görüşə qədər zədəsini sağalda bilməyib.

Bu haqda məlumat verən Qazaxıstan Futbol Federasiyasının rəsmisi İzmail Bzarov millinin heyətində məcburi dəyişiklik edildiyini bildirib: “Lisenkov Azərbaycanla oyunda yığmaya kömək edə bilməyəcək. Biz onu Aktobeyə, evinə göndərdik. 19 yaşlı futbolçunun əvəzinə Karaqandanın “Şaxtyor” klubunun hücumçusu Sergey Xijniçenko çağırılıb”.

Qeyd edək ki, Lisenkov Qazaxıstan Premyer Liqasının son turunda “Kayrat”la oyunda zədələnib. Futbolçunun bərpası ilə məşqçilər korpusu, həkimlər məşğul idi və onun millimizlə görüşdə oynaya biləcəyi ehtimal edilirdi. Ancaq bunun mümkün olmamağı ilə rəqibimiz zədəlilərin sayı bir qədər də artıb.

Belə ki, qapıçı David Loriya, yarımmüdafiəçi, yığmanın kapitanı Andrey Karpoviç və hücumçu Murat Tleşev bu səbəbdən Astanadakı görüşü buraxmalı olacaq.