“Gəncə” adını dəyişdi
31.05.2011 - 14:44
“Gəncə” adını dəyişdi
“Gəncə” klubu adını dəyişib. Apasport.az saytının məlumatına görə, ölkənin 2 ən titullu komandasından biri olan Qərb təmsilçisi yeni mövsümdən əvvəllər olduğu kimi, “Kəpəz” adlanacaq. 2005-ci ilin əvvəlində adını dəyişən komanda 6 il yarımlıq fasilədən sonra tarixi adını qaytarıb.

Klubun prezidenti Elmir Əliyev bu qərarı azarkeşlərin istəyi ilə bağlayır: “Klubumuz 2009/2010-cu il mövsümündə I diviziondan Premyer Liqaya vəsiqə qazandığı dövrdən yerli azarkeşlər komandanı “Kəpəz” adı ilə görmək istəyirdilər. Hətta oyunlarda belə azarkeşlər komandanı “Kəpəz” deyə alqışlayırdılar. Onlar dəfələrlə bizə yüksək liqada komandanı “Kəpəz” kimi görmək istədikləri barədə müraciətlər etmişdilər. Bunu nəzərə alaraq mən “Kəpəz” klubunun prezidenti Musa Abdullayevlə görüşdüm və komandaların adının dəyişdirilməsi ideyasını söylədim. Musa müəllim də bu fikri dəstəklədi. Bu təklif ətrafında klubun sponsoru ilə də müzakirələr aparıldı və son qərar belə oldu – “Gəncə” PFK bu mövsümdən “Kəpəz” adı ilə çıxış edəcək”.

Əliyev artıq lazımi sənədlərin hazırlanması üçün göstərişlərin verildiyini də qeyd edib: “Bütün sənədləşmə işləri yenidən aparılmalıdır. Bundan başqa atributlar və formalarda da yenilənəcək. Ümidvaram ki, qəbul etdiyimiz bu qərar qədim futbol ənənələrinə malik Gəncə azarkeşlərinin ürəyincə olacaq”.

Qeyd edək ki, “Kəpəz” 3 dəfə Azərbaycan çempionu titulunu, 4 dəfə isə ölkə kubokunu qazanıb.