“Yəqin, “Qarabağ”a keçəndə 21 yaşım olub”
02.06.2011 - 11:43
“Yəqin, “Qarabağ”a keçəndə 21 yaşım olub”
“Açığı, transferə çıxarılacağımı gözləmirdim. Çünki bir müddət əvvəl klub rəhbərliyi ilə aramızda başqa söhbətimiz olmuşdu”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun futbolçusu Samir Abasov deyib.

Ötən yay “İnter”dən “Qarabağ”a keçən Abasov Ağdam təmsilçisi ilə 2 illik müqavilə bağlamışdı. İlk vaxtlar əsas heyətdə yer alsa da, sonradan ehtiyatda qaldı. Xüsusilə, qış fasiləsindən sonra futbolçu meydana nadir hallarda çıxırdı.

Bu səbəbdən milli komandada da yerini itirən Abasov az öncə “Qarabağ” rəhbərliyi tərəfindən transferə çıxarılıb. Bununla bağlı fikrini açıqlayan 33 yaşlı futbolçunun narazılığı hər sözündə sezilirdi: “İndi rayondayam. Burda internet yoxdur ki, saytları izləyim. Bu gün uşaqlar zəng vurub, transferə çıxarıldığımı dedilər. Əvvəl rəhbərliklə söhbətimiz olmuşdu. Onlar özümə yeni klub tapacağım təqdirdə gedəcəyimə problem yaratmayacaqlarını, əks halda, komandada qalacağımı demişdilər. Ötən yay komanda ilə 2 illik müqavilə imzaladım. İndi də klubdan çıxarırlar. Adını da qoydular ki, komandanı gəncləşdiririk. Yəqin, yayda “Qarabağ”a keçəndə 21 yaşım vardı, amma mənim xəbərim olmayıb. Bu bir ilin içərisində xeyli yaşlandım”.

Abasov başqa klublardan gələcək dəvəti dəyərləndirməyə hazır olduğunu deyib. Əks halda isə karyerasını bitirəcəyini vurğulayıb: “Qarabağ” rəhbərliyi ilə bundan sonra nə danışacam? Onlar qərarlarını veriblər. Hansı kubdan təklif gəlsə, dəyərləndirəcəyəm. Əgər xidmətimdə maraqlı olmasalar, karyeramı bitirəcəm”.

Yarımmüdafiəçi karyerasını bitirmək məcburiyyətində qalsa, buna təəssüflənəcəyini gizlətməyib: “Kimə lazım olsam, axtaracaqlar. Bəlkə digər klublarımız da gəncləşdirmə siyasəti aparırlar. Deyə bilmərəm. Hələlik oynaya bilərəm. İndi elə məqamdır ki, bu vaxtda karyeramı başa vursam, buna təəssüflənəcəyəm. Çünki özümdə güc hiss edirəm. Lakin qismətdən də qaçmaq mümkün deyil. Hələ baş verənlər haqda dərindən düşünməmişəm. Niyə oldu, necə oldu, bilmirəm. Sumqayıta gələndə fikirləşəcəm. “Qarabağ”dan alacağım var. Düşündükdən sonra kimdən incidiyimizi biləcəyik”.

Yığmanın sabiq üzvündən millinin sabahkı oyunu haqda da fikirlərini öyrəndik: “Ancaq qələbə qazanmağımızı istəyirəm. Həqiqətən də heç vaxt yığmamızın Qazaxıstana yenilməsini istəmirəm. İnşallah, belə də olacaq”.