20-ci sevincin ASTANAsında
02.06.2011 - 15:55
20-ci sevincin ASTANAsında
Avro-2012-nin seçmə mərhələsinin Qazaxıstanla Astanadakı görüş millimizin tarixinə 174-cü matç kimi düşəcək. Apasport.az saytının məlumatına görə, tarixi ərzində 173 oyuna çıxan komandamız bu müddətdə 30 qələbə qazanıb, 43 heç-heçə edib və 100 dəfə meydanı başıaşağı tərk edib.

Son 3 qarşılaşmada – Çernoqoriya (0:2), Macarıstan (0:2) və Belçikaya (1:4) uduzan futbolçularımız bu uğursuz seriyanı qırmağa çalışacaq. 1992-ci ildən bu günə qədər 116 dəfə rəqib qapısına yol tapan millimiz 312 dəfə topu öz qapısında görüb.

AÇ-lərin seçmə mərhələlərində 44 oyunda 4 qələbə qazanıb, 5 dəfə heç-heçə edən komandamız 5-ci qələbə və ya 10-cu uduzulmayan qarşılaşmanın intizarındadır. 35 dəfə məğlub olan komandamızın 22 top vurub, 116-ni buraxdığını da qeyd edək.

Ümumilikdə, seçmə mərhələlərdə isə məğlubiyyətsiz 20-ci oyuna sevinə bilərik. Axı əvvəlki 82 matçın 63-də uduzmuşuq. 7 qələbə və 12 heç-heçəyə daha bir xal qazandığımız görüşü əlavə etməklə, yubiley qeyd etmək olar. Bu matçlarda 34 top vuran millimiz 190 dəfə qol buraxmasına üzülüb.

Oyun Azərbaycan yığmasının baş məşqçisi Foqtsun bu postda 35-ci qarşılaşması olacaq. Fasiləsiz olaraq, yığmamızın “sükanı arxası”nda olan almaniyalı oyunların yarıdan çoxunda məğlub olub. Cəmi 7 qələbə və 9 heç-heçəyə sevinən çalışdırıcı 24 qolun sevincini yaşayıbsa, 54 dəfə qapıçımızın məyus duruşunu izləyib.