Samir Zərgərov: Bakı klublarından AZAL mənimlə maraqlanır
02.06.2011 - 23:05
Samir Zərgərov: Bakı klublarından AZAL mənimlə maraqlanır
“3-4 gün ərzində hər şey dəqiqləşəcək. Müqaviləm başa çatdığından, hazırda azad futbolçuyam”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə”nin yarımmüdafiəçisi Samir Zərgərov deyib.

Son mövsümdə “Gəncə”nin formasını geyinən və inamlı oyunu ilə seçilən cinah yarımmüdafiəçisi hətta ayın ən yaxşı futbolçusu nominasiyasında fərqlənməyi də bacardı. Sabit oyun sərgiləyən Zərgərov yığmanın baş məşqçisi Berti Foqts tərəfindən yığmanın hazırlığına da dəvət edildi.

Artıq bəzi klubların diqqət mərkəzində olan futbolçu seçim etməyin zamanı yetişdiyini düşünür: “Gizlətmirəm, təkliflər var. Aralarında paytaxt təmsilçisi də var, rayon komandası da. Bakı klublarından isə AZAL mənimlə maraqlanır”.

Futbolçu təklif aldığı komandaların əksəriyyəti ilə danışıqlar apardığını, ancaq qərar vermək üçün tələsmədiyini deyib: “Təklif aldığım komandaların əksəriyyəti ilə danışığımız olub. Maliyyə şərtləri birinci planda deyil. Komandanın iddiası, məqsədi önəmlidir. Yaxın günlərdə hansı komanda ilə anlaşdığımı açıqlayacam”.