“Turan” üçün daha 2 futbolçu
02.06.2011 - 18:20
“Turan” üçün daha 2 futbolçu
“Turan”ın baş məşqçisi Əsgər Abdullayev heyəti gücləndirmək istiqamətində işlər görür. Apasport.az saytının xəbərinə görə, qapıçı problemini Elşən Poladovla həll etmək istəyən çalışdırıcı daha 2 oyunçu ilə də danışıqları yekunlaşdırmaq üzrədir.

Bir vaxtlar indiki AZAL-da rəhbərliyi altında oynamış, son mövsümü isə MOİK-də keçirən Nizami Hacıyev Tovuz klubuna keçməyə yaxındır. Tərəflər öz aralarında razılıq əldə ediblər. Transferin baş tutması üçün MOİK-in razılığını almaq qalıb.

Hacıyevdən başqa, müdafiə xəttini gücləndirmək üçün Əsgər Abdullayev “Muğan”ın üzvü Cavad Mirzəyevi də sərəncamında görmək istəyir. Adıçəkilən futbolçunun razılığı alındığından onunla yaxın günlərdə müqavilə imzalanacaq.

Qeyd edək ki, “Turan” buna qədər Ruslan Abbasov və Nadir Nəbiyevi geri qaytarıb.