“Qəbələ” üçün yeni futbolçular
13.06.2011 - 23:02
“Qəbələ” üçün yeni futbolçular
“Bu həftə yenilik olmalıdır. Hazırda 5-6 futbolçu ilə danışıqlarımız davam edir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin meneceri Zaur Əzizov deyib.

Yeni mövsümə iddialı heyət formalaşdırmağa çalışan və qarşısına avrokuboklara vəsiqə qazanmaq məqsədi qoyan “Qəbələ” bu istiqamətdə çalışmalarını davam etdirir. Mövsümlərarası fasilədə biri legioner olmaqla, 5 futbolçu ilə müqavilə imzalayan əyalət təmsilçisi bununla da yerli oyunçu transferini yekunlaşdırıb.

Toni Adamsın istəyi ilə Qəbələ təmsilçisi hazırda legioner futbolçularla danışıqlar aparır. Bu istiqamətdə də yaxın günlərdə konkret nəticə əldə ediləcək. Klubun menecerinin sözlərinə görə, “Qəbələ” ən azı 2 futbolçu ilə müqavilə imzalayacaq: “Danışıq apardığımız futbolçulardan 2-3 nəfərini heyətə götürəcəyik. Demək olar, danışıqları yekunlaşdırmaq üzrəyik. Müxtəlif ölkələrdən olduqlarına görə, ad açıqlamaq istəmirəm. Ancaq onların hücumameylli futbolçular olduğunu deyə bilərəm”.

Qeyd edək ki, ingilis mütəxəssis təlim-məşq toplanışına qədər heyətin komplektləşməsini istəyib. “Qəbələ” iyulun 5-də hazırlığa start verəcək. İyulun 18-dək təmsil etdiyi rayonda məşq edəcək komanda həmin gün Londona yola düşəcək və 10 gün İngiltərənin paytaxtında qalacaq. İyulun 28-də yenidən Qəbələyə dönəcək futbolçular çempionatın ilk turuna burda hazırlaşacaq.