Əfran İsmayılov: Bizə heç nə deməyiblər
13.06.2011 - 23:05
Əfran İsmayılov: Bizə heç nə deməyiblər
“Milli komandanın oyunları ilə əlaqədar klubun heyətinə qoşula bilmədik. Baş məşqçi Qurban Qurbanov yorğunluğumuzu nəzərə alıb, bir qədər istirahət etməyimizə şərait yaratdı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov deyib.

Bu il ölkəmizi Avropa Liqasında təmsil edəcək “Qarabağ” Türkiyədə toplanışa başlayıb. Qurban Qurbanovun komandası ilk oyununu səfərdə keçirəcəyi halda həmin ölkəyə məhz Türkiyədən yollanacaq. Əks təqdirdə, bir həftə əvvəl Bakıya gəlib hazırlığının qalan hissəsini paytaxtda davam etdirəcək.

Qızılcahamamda gündə iki dəfə məşq edən “Qarabağ” təbiətin şıltaqlığı ilə qarşılaşıb. Belə ki, Ankaraya tez-tez yağış yağması təmsilçimizin məşq prosesinə mənfi mənada təsir göstərir. Buna baxmayaraq, baş məşqçi Qurbanov futbolçuları gündə iki dəfə məşqlərə cəlb edir.

Artıq millinin düşərgəsində olduqlarına görə istirahətdən gec qayıdan futbolçular da heyətə qoşulublar. Komandanın gənc yarımmüdafiəçisi Əfran İsmayılov səfər öncəsi bunları deyib: “Ayağımdakı zədəyə gəlincə, özümü yaxşı hiss edirəm. Hamı bizdən ötən illərdə olduğu kimi uğurlu çıxış etməyimizi gözləyir. Məsuliyyətimizi dərk edirik. Ona görə məşqlərdə daha səylə çalışacağıq ki, ötən ilki nəticələrimizi daha da təkmilləşdirək”.

Rauf Əliyevin zədələnməsinə də münasibət bildirən yarımmüdafiəçi onun yerinə hücumçu alınıb-alınmayacağından xəbəri olmadığını dedi: “Raufun zədələnməyi heç yerinə düşmədi. Gündən-günə oyununda irəliləyiş hiss olunurdu. Ancaq zədələnməsi bütün planları alt-üst etdi. Onun yerinə hücumçunun alınıb-alınmayacağından xəbərim yoxdur. Bu barədə bizə heç nə deməyiblər”.