Azərbaycan kubokunun qalibi fitə basıldı
14.06.2011 - 08:58
Azərbaycan kubokunun qalibi fitə basıldı
Ötən mövsüm çıxış etdiyi “Xəzər Lənkəran” klubunun heyətində Azərbaycan kubokunu qazanmış Hristu Kiakunu Rumıniyaya qayıtmağına peşman ediblər. Apasport.az saytının məlumatına görə, icarə müddəti bitdikdən sonra müqavilə ilə məxsus olduğu Buxarest “Dinamo”suna qayıdan yarımmüdafiəçi elə ilk məşqdə təzyiqlə üzləşib. Belə ki, hazırlıqları Timişoarada başlayan buxarestlilərin məşqini yerli “Politexnika” azarkeşləri də izləyib. 20-yə yaxın tərəfdar “Xəzər Lənkəran”dan əvvəl Timişoara təmsilçisində icarədə olan Kiakunu görən kimi onu fitə basmağa, ədəbsiz jestlər etməyə başlayıblar. Futbolçu hazırlığı bu xoşagəlməz ab-havada davam etdirməli olub.