Peter Şilton Tofiq Bəhramovun milliyətindən xəbərsizdir
14.06.2011 - 09:05
Peter Şilton Tofiq Bəhramovun milliyətindən xəbərsizdir
İngiltərə futbolunun əfsanəvi qapıçısı Peter Şilton Tofiq Bəhramovun azərbaycanlı olduğunu bilmir. Apasport.az saytının məlumatına görə, uzun illər milli komandasında oynamış 62 yaşlı veteran futbolçu məşhur hakimimizin milliyətcə rus olduğunu zənn edir. Bunu onun Rusiyanın “Sport-Ekspress” qəzetinə verdiyi geniş müsahibəyə əsasən demək olar.

Rus həmkarımız Bəhramovun 1966-cı ildə idarə etdiyi dünya çempionatının final oyunundan söz salıb. Məlum olduğu kimi, hakimimiz İngiltərə və Almaniya yığmaları arasında Londonda “Uembli” stadionunda keçirilən görüşdə idarəçiliyi ilə dünyada ad çıxardı. Həmin vaxt 16 yaşı olan Şilton bu oyunla bağlı sualı belə cavablayıb: “Həmin oyuna evdə, Lesterdə baxmışam. Ağ-qara rəngli televizorda. Tofiq Bəhramov...Bütün İngiltərə ruslara həmin yan xətt hakiminə görə minnətdardır (gülür)”.

Bu anda zəruri müdaxilə edən rus həmkarımız Bəhramovun əslində azərbaycanlı olduğu və Bakıda mərkəzi stadionun onun şərəfinə adlandığını qeyd edir: “Bu, vacib deyil. Biz həmişə bu səbəblə bağlı gülürük və ölkənizə qərarına görə minnətdarlıq edirik. Ola bilsin ki, Bəhramova İngiltərənin evdə oynamağı təsir edib”.

Şiltondan Bəhramovun saydığı qol epizodunda topun qapı xəttini keçib-keçməməyini soruşublar: “Həmin epizoda vəziyyət həddən artıq çətindir. Hətta Frenk Lempardın DÇ-2010-da Almaniya ilə oyunda qol epizodu televiziyada görünə bildiyi kimi asan deyil. Hakimlərin heç bir şansı yox idi. Çünki onlar oyun gedən yerdə - qapıdan 25-30 metr aralıda qərarlaşmışdılar”.