Albaniya çempionu AZAL-da
16.06.2011 - 09:00
Albaniya çempionu AZAL-da
Avroliqaya hazırlığı davam etdirən AZAL-ın düşərgəsinə daha üç futbolçu qoşulub. Apasport.az saytının məlumatına görə, bunlar mərkəz müdafiəçisi Neboja Skoplyak, hücumçu Marko Paviçeviç və mərkəz yarımmüdafiəçisi Jetmir Sefadır. Hər üç futbolçu AZAL-a məşqlərində iştirak edəcək və onların taleyinə yaxın günlərdə aydınlıq gələcək.

24 yaşlı serbiyalı Skopljak Belqradın OFK klubunda möhkəmlənə bilmədiyindən birinci dəstə təmsilçisi “Novi Pazar”a icarəyə verilib. Yarım il burada keçirdikdən sonra karyerasını Çernoqoriyada davam etdirməyə qərar verib və yerli ölçülərlə belə ortabab sayılan “Qrbalj”a yollanıb. Mövsüm ərzində 28 oyuna çıxan mərkəz müdafiəçisi 1 qola da imza atıb.

Marko Paviçeviç isə karyerasında ilk dəfə yüksək divizionda son mövsüm debüt edib. Aşağı dəstədə yüksək məhsuldarlıq göstərən 24 yaşlı hündürboylu forvard ötən mövsüm “Sloboda”nın heyətində biri penaltidən olmaqla cəmi 4 qola imza atıb. Yeri gəlmişkən, Marko son 23 görüşdə cəmi 1 qol vurub. Ümumiyyətlə, Markonun Serbiya çempionatının yüksək liqasında debütü uğurlu alınmayıb və onun AZAL-ın diqqətini hansı xidmətlərinə görə cəlb etdiyi sual doğurur. Görünür, “təyyarəçilər” daha öncə düşərgəyə dəvət etdiyi digər serbiyalı forvard – Vladimir Cilas maliyyə məsələlərində ortaq məxrəcə gələ bilməyiblər.

AZAL-ın daha bir potensial transferi albaniyalı Jetmir Sefadır. Əvvəllər ölkəsinin ən adlı-sanlı klublarından biri “Tirana”nın şərəfini qoruyan 24 yaşlı yarımmüdafiəçi son mövsüm “Skenderbeu”nun heyətində Albaniya çempionu olub. Jetmir iki dəfə ölkəsinin milli komandasının heyətində də meydana çıxıb.