Milli komanda “Xəzər Lənkəran”dan qovulan futbolçunun atasına tapşırıldı
16.06.2011 - 08:40
Milli komanda “Xəzər Lənkəran”dan qovulan futbolçunun atasına tapşırıldı
Georgi Hacının Rumıniya milli komandasının baş məşqçisi postuna qayıdışı baş tutmayıb. Apasport.az saytının məlumatına görə, “Karpat Maradona”sı ilə razılığa gələ bilməyən Rumıniya Futbol Federasiyası bu vəzifəyə Viktor Pitsurkeni təyin edib. Bununla da onun 3-cü milli komandasına rəhbərlik etməsi reallaşıb.

Baş məşqçi postunda Mirça Luçeskunun oğlu Rezvanı əvəzləyən Pitsurke ilə müqavilə 2015-ci ilin noyabrına kimi imzalanıb. Onun qarşısında komandanı Avro-2016-ya çıxarmaq vəzifəsi qoyulub. Ancaq rumıniyalı mütəxəssis hələ Avro-2012-də uğurlu çıxış edə biləcəklərinə ümid edir: “Hazırda millimizin çətin vaxtıdır, ancaq mən risk edəcəyəm. Belə sınaqları sevirəm. Qoy, şanslarımız böyük olmasın. Ancaq elə fikirləşməyin ki, məni yalnız Avro-2016 maraqlandırır. Çətin olacaq, ancaq mən hər 2 çempionatda, o cümlədən Avro-2012-in final mərhələsində çıxış etmək istəyirəm. Niyə də yox? Hətta qrup liderliyinə ümid edirəm”.

Qeyd edək ki, Pitsurke “Xəzər Lənkəran” ötən qış fasiləsində transfer etdiyi, tezliklə də qovduğu hücumçu Aleksandrın atasıdır.