Yığmamızın rəqibi üzüntü içərisindədir
16.06.2011 - 09:20
Yığmamızın rəqibi üzüntü içərisindədir
“Düşünürəm ki, ikinci hissədə daha yaxşı oynadıq. Bu da daha çox fasilədəki söhbətin nəticəsində mümkün oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət İngiltərə milli komandasının baş məşqçisi Stüart Pirs deyib.

Böyük Britaniya futbolunun əfsanəsi gənclər arasında Avro-2011-in Ukrayna ilə qolsuz heç-heçə bitən matçı haqda fikirlərini açıqlayıb. O bildirib ki, növbəti qitə birinciliyinin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan futbolun yaradıcıları bərbad əhval-ruhiyyədədir: “Məncə əvəzetmələr də bizə kömək etdi. Komandamız üzüntü içərisindədir. Axı qələbə qazanmaq şanslarımız var idi. Əlimizə düşən imkanlardan yararlana bilmədik ki, növbəti mərhələyə adlayaq. İki güclü rəqiblə qarşılaşıb cəmi 1 qol buraxmağımız yaxşı nəticədir. Lakin özümüz də imkanladan yararlanmalı idik”.

Qeyd edək ki, Pirsin yetirmələri 2009-cu ilin iyununda yığmamızla yoldaşlıq oyununda 7:0 hesabı ilə qalib gəlmişdi.