UEFA “Qarabağ” və AZAL klublarına 4 gün vaxt verdi
16.06.2011 - 12:33
UEFA “Qarabağ” və AZAL klublarına 4 gün vaxt verdi
Çempionlar Liqası (ÇL) və Avropa Liqasının 2011/12 mövsümünün əsasnaməsi açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA-nın rəsmi sənədində iştirakçı klubların sifariş vərəqələrini təqdim etmək üçün son tarixlər də yer alıb.

Azərbaycan təmsilçiləri “Qarabağ”la AZAL-ın da çıxış edəcəyi Avroliqanın, həmçinin ÇL-in 1-ci təsnifat mərhələsinin iştirakçıları ilkin iştirak ərizəsini Mərkəzi Avropa vaxtı ilə iyunun 20-si saat 24:00-a qədər, yəni Bakı vaxtı ilə iyunun 21-i saat 03:00-a kimi təqdim etməlidir. Bu isə o deməkdir ki, UEFA komandalarımıza cəmi 4 gün vaxt verib.

İkinci təsnifat mərhələsində isə iki yarış iştirakçıları arasında fərq qoyulub. Bakının “Neftçi” klubunun qatılacağı ÇL-ə qoşulanlar iyulun 7-si gecə saat 00:00-a qədər (Bakı vaxtı ilə iyulun 8-i saat 03:00) oyunçularını sifariş edə bilər. Avroliqa komandaları, yəni “Xəzər Lənkəran”la eyni yarışda mübarizəyə qoşulacaq klublar isə 1 sutka artıq vaxt qazanıb: iyulun 8-i gecə saat 00:00-a qədər (Bakı vaxtı ilə iyulun 9-u saat 3:00).

Qeyd edək ki, oyunun keçiriləcəyi günə qədər (Bakı vaxtı ilə matç günü saat 3:00-a qədər) sifariş vərəqində müəyyən dəyişikliklər etmək mümkündür.