Ruslan Poladov: “Xəzər Lənkəran” iddialı transferlər edəcək
16.06.2011 - 23:03
Ruslan Poladov: “Xəzər Lənkəran” iddialı transferlər edəcək
“İnter”lə hələ müqavilə imzalamamışam. Ancaq danışığımız olub və demək olar, bütün məsələlərdə razılaşmışıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubundan ayrılan Ruslan Poladov deyib.

Son 4 mövsümü “ağ-yaşıllar”ın heyətində keçirən cinah müdafiəçisi karyerasını yenidən paytaxtda davam etdirmək qərarına gəlib. Əyalət təmsilçisi ilə gələn ilin yayınadək müqaviləsi olmasına baxmayaraq, Poladov “ağ-yaşıllar”dan ayrılıb.

Səbəbinə gəldikdə, futbolçu bunu zədə ilə əlaqələndirib: “Xəzər Lənkəran”la müqaviləmin başa çatmasına hələ 1 il var idi. Ancaq danışıb, qarşılıqlı şəkildə yollarımızı ayırdıq. 4 il idi bu komandanın formasını geyinirdim. Komanda Lənkərandakı bazada qalırdı. Yeni ailə qurduğum üçün onlara daha yaxın olmaq istədim. Lənkəranda oynayan vaxt həftədə 1 gün istirahət olurdu. Yəni evdə gec-gec tapılırdım”.

Ölkə kubokunu qazanan və çempionatı ikinci pillədə başa vuran “Xəzər Lənkəran”da qalıb, Avropa Liqasında oynamaq şansına gəlincə, Poladov ehtiyatda qalmaq ehtimalını istisna etmədi: “Xəzər Lənkəran” avrokuboklarda uğur qazanmaq üçün iddialı transferlər edəcək. Mən də ehtiyatda qalmaq istəmirəm. Ayağım sındıqdan sonra, ola bilsin, əsas heyətdəki yerimi itirim”.

Futbolçu “İnter”də də rəqabətin olacağını və buna hazır olduğunu bildirib: “Bununla “İnter”in əsas heyətində daim oynayacağımı demirəm. Bu komandada rəqabət olacaq. Özümü bu rəqabətə hazır sayıram”.