Bakıda darmadağın, Nijni-Novqorodda elektroşok yaşadı
20.06.2011 - 13:00
Bakıda darmadağın, Nijni-Novqorodda elektroşok yaşadı
Rusiya Premyer Liqasının son turunda futbol meydanlarında görünməmiş hadisə baş verib. Apasport.az saytının məlumatına görə, “Zenit”in serbiyalı futbolçusu Danko Lazoviç Nijni-Novqorodda “Volqa” ilə oyundan sonra qələbə sevincini azarkeşləri ilə bölüşmək üçün formasını onlara atmağa hazırlaşdığı zamanı polisin elektrik şoku aləti ilə hücumuna məruz qalıb.

Futbolçuya arxadan yaxınlaşan polis məmuru onun sağ ayağından yanıq izi buraxıb. Maraqlıdır ki, bu, telekameraların diqqətindən yayınmasa da, polis ittihamı qəbul etmir.

Lazoviç baş verənlərin səbəbini anlamır: “Oyun bitəndən sonra formamı tərəfdarlara vermək üçün onların yanına getdiyim zamanı bir polis göründü və elektrik şoku ilə məni arxadan vurdu. Bu olayın nədən ibarət olduğunun bilmirəm. Bəlkə də mənin bir azarkeş olduğunu zənn etdi”.

Qeyd edək ki, Lazoviç futbol tariximizə düşən futbolçulardandır. O, 2007-ci ilin oktyabrında Serbiya yığmasının heyətində milli komandamızı Bakıda 6:1 hesabı ilə yendikləri rəsmi oyunda iştirak edib. Bu, millimizin seçmə mərhələdə evdə aldığı ən ağır məğlubiyyətdir ki, Danko bunda vurduğu qolla öz töhfəsini verib.