Vaqif Qasımov: Biz bu məsələni UEFA-da aydınlaşdırırıq
20.06.2011 - 13:16
Vaqif Qasımov: Biz bu məsələni UEFA-da aydınlaşdırırıq
“UEFA-nın püşk öncəsi komandamızın adını “Olimpik-Şüvəlan” kimi göstərdiyini bilirik. Hazırda UEFA-nın mənzil-qərargahındayam və bu məsələni yerində aydınlaşdırırıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının AZAL klubunun prezidenti Vaqif Qasımov deyib.

Bu gün UEFA-nın keçirəcəyi püşkatma mərasimində iştirak etmək üçün İsveçrənin Nyon şəhərinə yollanan Qasımov anlaşılmazlığa son qoyulmasına çalışır. Belə ki, “təyyarəçilər” ötən mövsümdən AZAL adlansa da, UEFA onu “Olimpik-Şüvəlan” kimi göstərir.

“Hələ məsələyə tam aydınlıq gəlməyib. UEFA komandamızı bundan əvvəlki adı olan “Olimpik-Şüvəlan” kimi göstərib. AZAL adı ilə göstərilməməyini kommersiya məsələləri ilə əlaqələndirirlər. Deyilənə görə, sponsorun adını göstərmək olmaz. Ancaq klubumuz rəsmi sənədlərdə sponsorumuz olan AZAL-ın adını daşıyırıq və bu adla qeydiyyatdan keçmişik. Biz öz mövqeyimizi UEFA-ya bildirmişik və məsələni aydınlaşdırmağa çalışırıq. Görək, püşkatma zamanı necə olacaq” – deyə, Qasımov bildirib.

Qeyd edək ki, AZAL-ın mübarizəyə başlayacağı I təsnifat mərhələsində rəqibi Polşanın “Yaqelloniya”, Gürcüstanın “Dinamo” (Tiflis), Belarusun “Minsk”, Çernoqoriyanın “Buduçnost” və Macarıstanın “Ferentsvaroş” klublarından biri olacaq.

Mehman SÜLEYMANOV