Arif Əsədov: Zaqreb “Dinamo”su ilə şansları bərabər sayıram
20.06.2011 - 14:58
Arif Əsədov: Zaqreb “Dinamo”su ilə şansları bərabər sayıram
“Deməzdim ki, püşkdə bəxt amili böyük rol oynadı. Onsuz da Çempionlar Liqasında zəif komanda yoxdur”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycanı Çempionlar Liqasında (ÇL) təmsil edəcək Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.

Hazırda Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan komandamızın gənc çalışdırıcısı ÇL-in II təsnifat mərhələsində rəqibini orada öyrəndi. Əsədov Zaqreb “Dinamo”sunu güclü saysa da, ruhdan düşmür: “Dinamo” Xorvatiyanın ən köklü klublarından biridir. Son illərdə hər mövsüm çempion olur. Çempionlar Liqasında böyük təcrübəyə malikdir. 2007-ci ildə “Xəzər Lənkəran”ı 2 oyunun nəticəsinə görə mübarizədən kənarlaşdırıb. Əlbəttə, Zaqreb “Dinamo”su güclü rəqibdir. Ancaq biz də özümüzü zəif saymırıq”.

Əsədov rəqibin cütün favoriti olmasını qəbul edir: “Dinamo” təcrübəsi böyük olduğuna görə favorit ola bilər. Bildiyiniz kimi, “Neftçi” çoxdandır avrokuboklardan kənarda qalıb, Çempionlar Liqasında sonuncu dəfə 2005-ci ildə oynayıb. Ancaq istənilən halda, şansları bərabər sayıram. Əsas rəqibi düzgün qiymətləndirib, buna uyğun hazırlaşmaqdır. İkinci hazırlığı keçəcəyimiz Avstriya Xorvatiyaya yaxındır. Ona görə də ilk oyunu səfərdə keçirəcəyimizdən, orada daha çox qalıb, birbaşa Xorvatiyaya gedə bilərik. Hazırda rəhbərlik bunun üzərində işləyir”.

Baş məşqçi ilk oyunu səfərdə keçirməyi üstünlük saymır: “Deməzdim ki, ilk oyunu səfərdə keçirməyimiz üstünlükdür. Onsuz da həm orda, həm də burda oynamalıyıq. Əsas ev və səfər görüşlərində düzgün oyun modelini qurmaqdır. Əslində, güclü rəqiblə oynamaq yaxşıdır. Bu, futbolçuların təcrübəsini artırır. Güclü rəqibi keçmək stimul yaradır, oyunçularımızın motivasiyasını artırır. Komandamız güclü rəqiblə ikiqat əzmlə oynayır”.

Mehman SÜLEYMANOV