AZAL avrokubokların debütantına, Azərbaycan ilk dəfə Belarusa qarşı
20.06.2011 - 15:32
AZAL avrokubokların debütantına, Azərbaycan ilk dəfə Belarusa qarşı
AZAL-ın Avroliqada rəqibi olan “Minsk” klubu avrokubokların debütantıdır. Apasport.az saytının məlumatına görə, ötən mövsüm Belarus çempionatının bürünc medalçısı olan komanda 2006-cı ildə yaradılıb.

Cəmi 5 yaşı olan paytaxt təmsilçisi 2006 və 2008-ci illərdə I divizionda oynayaraq, çempion kimi güclülər dəstəsinə vəsiqə qazanıb. 2007-ci ildə güclülər dəstəsində 14-cü yeri tutan “Minsk” I diviziona düşsə də, tezliklə qayıda bilib.

36900 stadion tutumu olan “Dinamo” stadionunda çıxış edən klubu Vitali Tarakaov çalışdırır. “Minsk”in heyətinin böyük hissəsi yerli futbolçulardan ibarətdir.

UEFA əvvəlki adı olan “Olimpik-Şüvəlan” kimi göstərdiyi AZAL-ın tarixi 1996-cı ildən başlayır. Komandamız indiyə kimi avrokuboklarda bir dəfə - 2008-ci ildə oynayıb. Onda Serbiya çempionatının gümüş medalçısı “Voyvodina” klubu ilə düşən “təyyarəçilər” səfərdə uduzub (0:1), evdə bərabərliyə qalaraq (1:1) mübarizəni dayandırmışdı.

Qeyd edək ki, Belarus 1994-cü ildən avrokubok tariximizdə ilk dəfə bizə rəqib oldu.


Mehman SÜLEYMANOV