“Neftçi”nin 100 yaşlı rəqibi
20.06.2011 - 15:47
“Neftçi”nin 100 yaşlı rəqibi
“Neftçi”nin Çempionlar Liqasında rəqibi olan Zaqreb “Dinamo”su üçün bu il əlamətdardır. Apasport.az saytının məlumatına görə, Xorvatiyanın ən köklü klublarından olan “Dinamo” bu il 100 illik yubileyini qeyd edir.

1911-ci ildə yaradılan komanda hələ keçmiş Yuqoslaviyada çoxsaylı titulları sıralayıb. Xorvatiya müstəqillik qazandıqdan sonra “Dinamo” ölkəsinin ən titullu klubu olub. Belə ki, 14 dəfə Xorvatiya çempionatının 1-ci olan Zaqreb təmsilçisi 2005-ci ildən bu yana çempionluqları sıralayır. “Dinamo”nun hesabında 11 ölkə kuboku var. Komanda son mövsümü həm çempionluq, həm də kuboku qazanmaqla, “qızıl dubl” edib.

Zaqreb klubunun beynəlxalq miqyasda da uğurları var. Belə ki, “Neftçi”nin rəqibi UEFA kubokunun sələfi olan Yarmarka kubokunu 1 dəfə - 1966/67 mövsümündə qazanıb, 1962/63 mövsümündə isə finalçısı olub.

“Dinamo” ev oyunlarını 38923 tutumu olan “Maksimir” stadionunda keçirir. Mirko Barişiçin prezidenti olduğu klubu son mövsümdə tanınmış mütəxəssis Vahid Həliliociç uğur qazandırsa da, rəhbərliklə problemi üzündən postundan getdi. İndi komandanın sükanı arxasında 42 yaşlı Krunoslav Yurciçdir.

Qeyd edək ki, 1937-ci ildə yaradılan “Neftçi” gələn 75 illik yubileyini qeyd edəcək.

Mehman SÜLEYMANOV