Bəxtiyar Soltanovun üzərindəki məsuliyyət
21.06.2011 - 13:07
Bəxtiyar Soltanovun üzərindəki məsuliyyət
“Qarabağ”a gəldiyim üçün məmnunam. Bu gün “Qarabağ” ən çox sevilən Azərbaycan klubudur. Bunun əsas səbəbi xeyli yerli futbolçunun çıxış etməsidir. Futbolçuların əksəriyyəti ilə yaxşı münasibətim var”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın yeni transferi Bəxtiyar Soltanov deyib.

22 yaşlı sağ cinah yarımmüdafiəçisi klubun saytına verdiyi açıqlamasında bildirib ki, bu keçid onun karyerasında əhəmiyyətli rol oynayacaq: “Bakı” klubuna öz təşəkkürümü bildirirəm. Üzərimdə əməkləri var. Amma bu gündən karyerama yeni səhifə açıram. Cəmi 22 yaşım var. İnanıram ki, karyeramın ən yaxşı illəri hələ qarşıdadır”.

Avroliqada mübarizə aparacaq Ağdam təmsilçisi I təsnifat mərhələsində Litvanın “Banqa” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. Soltanovun sözlərinə görə, bu dueldə bacardığı köməkliyi əsirgəməyəcək: “Qarabağ” son illərdə Avrokubokda uğurlu çıxış edir. İndi mənim də üzərimə məsuliyyət düşür. Uğurlu çıxışımızı davam etdirmək üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. “Qarabağ”lılar məni olduqca isti qarşıladı. Azarkeşlərə bildirmək istəyirəm ki, meydanda tərinin son damlasına kimi vuruşan Bəxtiyar görəcəksiniz”.