Slavko Georgiyevski: Biz təslim olmağı düşünmürük
21.06.2011 - 15:34
Slavko Georgiyevski: Biz təslim olmağı düşünmürük
“Dinamo” ilə oyunda şansları bərabər sayıram. Onu qeyd etmək istərdim ki, biz təslim olmağı düşünmürük”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin yarımmüdafiəçisi Slavko Georgiyevski deyib.

Makedoniya yığmasının da şərəfini qoruyan 31 yaşlı futbolçu Çempionlar Liqasının püşkatmasına münasibət bildirib. II təsnifat mərhələsinin ilk matçında Zaqreb “Dinamo”su ilə səfərdə qarşılaşacaq Azərbaycan çempionu Xorvatiyadan qələbə ilə qayıdacaqlarına ümid edir: “Komandamızın digər üzvlərinin fikirlərini deyə bilmərəm. Amma şəxsən mən ilk matçda heç-heçədən razı qalmayacağam. Çempionlar Liqasında oyun bizim üçün böyük əhəmiyyət kəsb edir. Fikrimcə, “Dinamo”ya bizimlə oyun çətin olacaq”.

Georgiyevskinin sözlərinə görə, “Neftçi”nin üstün cəhəti ötən ilki heyəti saxlamasıdır: “Bizim səviyyəli, kompakt heyətimiz var. Komandamız ayrı-ayrı adamlardan yox, bütöv kollektivdən ibarətdir. Ən əsası odur ki, klubumuzun çempion heyəti dəyişməz qaldı və daha da güclənmək üçün işlər gedir”.

Yarımmüdafiəçi Xorvatiya mətbuatına verdiyi açıqlamada “Neftçi”nin rəhbərliyi və planları barədə də məlumat verib: “Bizim prezidentimiz Sadıq Sadıqov imkanlı adamdır. Komandamızı Dövlət Neft Şirkəti maliyyələşdirir. Biz indi Türkiyədə hazırlıq keçirik. Buradan sonra Avstriyada təlim-məşq toplanışı keçəcəyik. Oradan isə Zaqrebə yollanmağı planlaşdırırıq”.

Qeyd edək ki, “Dinamo” – “Neftçi” matçı iyulun 13-də Zaqrebdə keçiriləcək.