“Xaçaturyanı azərbaycanlılarla ermənilərin münasibəti maraqlandırmır” - MÜSAHİBƏ
21.06.2011 - 17:00
“Xaçaturyanı azərbaycanlılarla ermənilərin münasibəti maraqlandırmır” - MÜSAHİBƏ
AZAL-ın Avroliqada rəqibi olan Belarusun “Minsk” klubunun baş məşqçisi Vitali Tarakanovun apasport.az saytına müsahibəsi

- Yəqin ki, UEFA-nın komandanızın ilk oyununun yerini dəyişdirməsindən məlumatınız var. Birinci görüşün Bakıda olmasını necə qarşıladınız?
- Belə deyim ki, bu məsələ bizim üçün prinsipial deyil. Hərçənd, ilk oyunu səfərdə keçirmək yaxşıdır. Sadəcə, rəqib haqda heç nə bilmirik. Ona görə də artıq matçın gedişində necə olsa köklənəcəyik. Hətta ola bilsin ki, hansısa dəyişiklər etdik. Bir tərəfdən ilk görüşü səfərdə keçirmək üstünlükdür. Digər tərəfdən, istənilən halda, 2 dəfə oynamalıyıq. Bu üzdən şansları bərabər sayıram.

- Rəqibi tanımadan ilk oyunu səfərdə keçirmək daha çox müsbət, yoxsa mənfi amildir?
- Həm müsbət, həm də mənfi ola bilər. Azərbaycan futbolu ilə elə də tanış deyiləm. Ancaq fikrimcə, səviyyə yetərincə yüksəkdir. Ona görə də “Olimpik”ə hörmətlə yanaşırıq. Artıq Bakıda layiqli oyun göstərib, müsbət nəticə əldə etməyə çalışacağıq.

“Şanslar bərabərdir”

- Püşkdə kimin daha çox bəxti gətirib: Bizim, yoxsa sizin?
- Şanslar bərabər olduğundan, kimin daha çox bəxtinin gətirdiyini iyulun 7-də cavab oyununda öyrənəcəyik.

- Əslində, komandamızın adı AZAL-dır. Ancaq UEFA onu “Olimpik-Şüvəlan” kimi göstərib. Bu, diqqətinizi cəlb edib?
- Bəli. Biz burada elə düşündük ki, AZAL sadəcə, adını dəyişib.

- Xeyr, komandamız artıq 1 ildir AZAL adlanır. Ancaq UEFA əvvəlki adı olan “Olimpik-Şüvəlan”ı göstərib.
- Niyə belə edib?

- Klubun sponsoru AZAL Hava Yolları Şirkətidir və UEFA kommersiya məsələlərini əsas gətirib...
- Onu bilirik ki, oyun Bakıda keçirilməyəcək, elə deyil?

- Şüvəlan qəsəbəsində yeni stadionda keçiriləcək. Bu isə şəhər kənarında olsa da, ərazi Bakıya daxildir...
- Aydındır. Mənə deyildi ki, oyun Bakıdan kənarda olacaq. Məsafə 100 km olar?

- Xeyr, maksimum 40 km.
- Hər şey aydın oldu. İndi Bakıda hava necədir?

- Adətən yayda Bakıda çox isti olur. Minskdə sərin olar?
- Bəli. Bizdə də yetərincə isti idi. Temperatur 30 dərəcəyə qalxmışdı. Ancaq indi sərindir, hətta yağışlar başlayıb.

- Siz Bakının istisindən qorxursunuz?
- Deməzdim ki, qorxuruq. Ancaq fikrimcə, futbolçular üçün belə istidə oynamaq xoş deyil.

“Bizim kəşfiyyata vaxtımız yoxdur”

- Şüvəlan stadionunun qazonu yaxşı olsa da, sintetikdir. Siz isə təbii ot örtüyündə oynayırsınız. Bu, matçın nəticəsinə təsir edə bilər?
- Əlbəttə, təbii otda oynamaq istərdik. Çünki burada bütün oyunlarımızı belə meydançalarda keçiririk. Bizdə yalnız qışda – mövsümlərarası fasilədə qar yağan zaman süni otda oynayırıq. Ola bilsin ki, sintetik qazonda oynamaq komandanız üçün bir az üstünlükdür.

- Azərbaycan futbolu, AZAL haqda az məlumatlı olmağınız problem yaratmayacaq ki? Nəzərə alaq ki, ilk oyuna cəmi 9 gün qalıb...
- Sizinlə razıyam. Bizim kəşfiyyata vaxtımız yoxdur. Ona görə də demək olar ki, təmiz kağızdan başlayıb, oynayacağıq. Bu, heç də yaxşı deyil. Ancaq digər tərəfdən, oyunun gedişində rəqibi qiymətləndirəcəyik.

- Hər halda, həmyerliniz, AZAL-ın keçmiş futbolçusu Gennadi Bliznyuk sizə məlumat baxımından kömək edər...
- Bəli, artıq onunla əlaqə saxlamışıq. Bu gün Gennadi ilə bir daha söhbətləşəcəyik. Mən onunla yolda gedərkən təxminən 20 dəqiqə danışdım. Belə razılaşdıq ki, bir qədər komandanız haqda söhbətləşək.

- Maraqlıdır, Bliznyuk bütün “kozırları” açdı?
- (gülür) Hələ yox. Biz hələlik Gennadi ilə əlaqədəyik. Axşam zəngləşəcəyik. Ondan nəsə öyrənməyə çalışacağıq.

- Rəqib komandadakı həmkarınız Nazim Süleymanov postsovet məkanında tanınır...
- Əlbəttə, Süleymanovu tanıyıram, futbolçu vaxtında oyununu görmüşəm. Hesab edirəm ki, onun rəhbərlik etdiyi komanda çox yaxşı səviyyədədir.

“Azərbaycan futbolunun səviyyəsini görəcəyik”

- Komandamızı keçsəniz, növbəti rəqib “Qaziantepspor”dur. Azərbaycanla Türkiyə isə təkcə qonşu yox, həm də qardaş ölkələrdir...
- Mən Azərbaycanda ilk dəfə olacağam. Ancaq Türkiyəyə də səfər edəcəyimiz haqda danışmaq hələ tezdir. Çünki bizi komandanızla 2 ciddi sınaq gözləyir. İyulun 7-dəki görüşdən sonra kimin Türkiyəyə gedəcəyi bilinəcək.

- Maraqlıdır ki, 17 ildir çıxış etdiyimiz avrokuboklarda heç vaxt Belarus təmsilçisi ilə görüşməmişik. Bunun ilk dəfə komandanızın timsalında olması da mübarizəyə əlavə rəng qatır...
- Azərbaycan futbolunun səviyyəsini görəcəyik. Siz də Belarus futbolunun səviyyəsini görəcəksiniz. Elə fikirləşirəm ki, bunlar bərabərdir. Hətta sizinlə görüşmək maraqlı olacaq.

- Belə başa düşdük ki, vaxtınız az olduğundan, yeni transfer etməyəcəksiniz...
- Heyətimiz dəyişməyib, demək olar əvvəlkidir. Avroliqa oyunu öncəsi hansısa yeni futbolçu almayacağıq. Kimi sifariş etmişik, onlar da komandanıza qarşı oynayacaq.

- Heyətinizə nəzər salmışıq və əsasən yerli, gənc futbolçulara üstünlük verirsiniz...
- Bəli. Ancaq komandamızda bir neçə legioner də var.


“Xaçaturyan erməniyə oxşamır”

- Yeri gəlmişkən, rəhbərliyiniz altında oynayan futbolçulardan biri erməni soyadlı Xaçaturyandır. Ancaq Belarus vətəndaşlığını daşıyır...
- Doğrudur. O, Andrey Xaçaturyandır və futbol məktəbimizin yetirməmizdir.

- İstənilən halda, milliyətcə ermənidir...
- Onun atası ermənidir, özü isə belarusludur. Burada böyüyüb.

- Yəqin ermənilərlə bizim münasibətdən xəbəriniz olar...
- Bəli.

- Elə isə Xaçaturyanı Bakıya gətirə biləcəksiniz?
- Məgər bu, bizə problem olacaq?

- Adətən ermənilər Bakıya gəlmirlər...
- Sizə dedim ki, o, Belarusda anadan olub və böyüyüb. Sadəcə, atası ermənidir. Əslində, belarusludur və bütün həyatı boyu burada yaşayıb. Andreyin ailəsi Belarusda yaşayır. O, erməniyə oxşamır. Daha çox belarusluya bənzəyir.

- Onu Bakıya gətirmək problem olmayacaq?
- Məncə, olmayacaq.

- Maraqlıdır, püşkdən sonra Xaçaturyanla Azərbaycanla düşməyinizlə bağlı danışmısınız?
- Hələ yox.

- Yəqin ki, ona Azərbaycan komandası ilə görüşmək, ölkəmizə gəlmək xoş olmayacaq...
- Mən sizə onu deyim ki, belaruslu olduğu üçün Xaçaturyanı azərbaycanlılarla ermənilərin münasibəti maraqlandırmır.

“Biz heç nə gizlətmək fikrimiz yoxdur”

- Bakıya nə vaxt gəlməyi planlaşdırısınız? Bura uyğunlaşmaq üçün daha tez gələ bilərsiniz?
- Bunu deyə bilmərəm. Bu məsələ ilə rəhbərlik məşğul olur. Onlar nə vaxt Bakıya uçacağımıza qərar verəcək. Fikrimcə, oyun iyunun 30-dadırsa, biz 29-da gələrik.

- Oyuna cəmi 1 gün qalmış?
- Mən bu suala indi dəqiq cavab verə bilmərəm. Bunu rəhbərlik müəyyənləşdirəcək. Onlar isə Nyonda keçirilən püşkatmadan hələ gəlməyiblər.

- AZAL nümayəndələri iyunun 25-də çempionatda Jodinonun “Torpedo” klubu ilə səfər oyununuz izləməyi planlaşdırırlar...
- Bu, onların işidir. Buyurub, gəlib baxsınlar. Biz heç nə gizlətmək fikrimiz yoxdur.

- Bəs siz rəqibinizin oyunu olan videokasset, disk əldə etmək fikridəsiniz?
- Bunu necə etməyi hələ bilmirik.

- Ola bilər ki, elə Bliznyuk bu işdə sizə yardımçı oldu...
- Biz elə onunla əlaqə saxlayacağıq. Ola bilər ki, Gennadi bizə kömək etdi.

Mehman SÜLEYMANOV