Bəxtiyar Soltanov şamları söndürdü
22.06.2011 - 08:41
Bəxtiyar Soltanov şamları söndürdü
“Qarabağ” klubu Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, komandanın düşərgəsinə qoşulan Bəxtiyar Soltanov üçün yeni klubunda ilk günü əlamətdar olub. Hücumçu 22 yaşını qeyd etdiyi gündə ağdamlılara qoşulub.

“Qarabağ” da bu əlamətdar hadisə ilə bağlı Bəxtiyarı sevindirib. Axşam yeməyindən sonra hamı Bəxtiyarın ad günü üçün hazırlanmış tort ətrafında toplaşaraq səbəbkarı gözlədi. Məsələdən xəbərsiz Bəxtiyarın gəlişi alqışlarla qarşılandı. Xoş sürprizdən təəccüblənən Soltanov yeni komanda yoldaşlarının alqışları altında “Xoş gəldin, Bəxtiyar” yazılmış tortun şamlarını söndürdü.

Səbəbkar tədbirlə bağlı fikirlərini klubun rəsmi saytına açıqlayıb: “Bu mənim üçün xoş bir sürpriz oldu. Hər halda dünyanın heç bir yerində yeni gələn birisini belə isti qarşılamırlar. Gəldiyimdən hələ bir gün keçməyib, sanki illərdi bu komandanın üzvüyəm. İndi daha yaxşı anlayıram, niyə “Qarabağ”ın kollektivi haqqında həmişə xoş sözlər danışırlar. “Qarabağ”ın uğurlarının arxasında rəhbərliyin və Qurban müəllimin yaratdığı bu kollektiv durur. İndi bunu daha yaxşı bildim ki, bu, nə deməkdir. “Qarabağ”ın forması ilə oyuna çıxmağı səbirsizliklə gözləyirəm. İstəyirəm ki, oyunumla komandaya maksimum fayda verim. O zaman əsl “Qarabağ”lı olacam”.