Bəhruz Şirəliyev: Kimisə komandada zorla saxlaya bilmərik
22.06.2011 - 11:41
Bəhruz Şirəliyev: Kimisə komandada zorla saxlaya bilmərik
“Baş məşqçi məsələsinə yaxın günlərdə aydınlıq gətiriləcək. Böyük ehtimalla, komandanı yerli mütəxəssislərdən birinə tapşıracağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Muğan” klubunun vitse-prezidenti Bəhruz Şirəliyev deyib.

Son mövsümdə “Muğan”ı çalışdıran Bəhmən Həsənov komanda ilə uğurlu nəticələr əldə etmişdi. Belə ki, məhz onun gəlişindən sonra Salyan təmsilçisi qələbələri sıralamağa başladı, iddialı komandaları büdrətdi.
Yerli futbolçularla bu uğuru əldə edən Həsənovun yeni çempionatda da komandanı çalışdıracağı gözlənilirdi. Əslində, klub rəhbərliyi də bu fikirdə idi. Ancaq bu günlərdə mütəxəssis Premyer Liqanın debütantı “Rəvan”la müqavilə imzalayıb.

Belə olan halda, “Muğan” özünə yeni baş məşqçi axtarmalı olacaq. Ancaq bir müddət əvvəl klub rəhbərliyi Həsənovun vəzifəsində qalacağını vurğulamışdı: “Biz Bəhmən müəllimi komandada saxlamaq istəyirdik. Ancaq o, “Rəvan”la anlaşdı. Kimisi komandada zorla saxlaya bilmərik. Belə niyyətimiz yoxdur. Komandadan gedənlər də olacaq, gələnlər də”.
Son vaxtlar elitanın debütantı ilə “Muğan”ın bir komanda şəklində birləşəcəyi söylənilir. Lakin klub rəsmisi bunu təkzib etdi: “Rəvan”la “Muğan”ın rəhbərliyi ayrıdır. Onlar fərqli şəhərləri təmsil edirlər. Sadəcə, baş məşqçi dəyişikliyi baş verib”.

Klub rəsmisi komandanın əsas oyunçularını itirdikdən sonra autsayderlər qrupunda yer alacağı ilə bağlı mülahizələrə də münasibət bildirib: “Gedən futbolçularla müqaviləmiz başa çatmışdı. Qışda kapitanımız komandadan ayrıldı. İstənilən halda, biz yerli uşaqlara özlərini göstərmək üçün şərait yaradırıq. Təbii ki, gedib-gələnlər olacaq. Çalışacağıq ki, gedənlərinin yerini yaxşı oyunçularla gücləndirək”.

Sonda qeyd edək ki, “Muğan” bu günlərdə “Qəbələ”dən icarəyə götürdüyü Pərvin Paşayevlə də yollarını ayırıb.