“Coca Cola” AFFA-ya 1 milyon 75 min ABŞ dollar vəsait köçürəcək
22.06.2011 - 12:04
“Coca Cola” AFFA-ya 1 milyon 75 min ABŞ dollar vəsait köçürəcək
Bu gün AFFA və Coca-Cola Bottlers Ltd arasında sponsorluq müqaviləsinin imzalanma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, assosiasiyasının inzibati binasında keçirilən tədbirdə öncə AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edib.

O bildirib ki, son dövrlərdə Azərbaycan futbolunun inkişafı məqsədilə görülən işlər, bu istiqamətdə əldə olunan konkret nəticələr, ölkəmizdə futbolun kütləviliyinin təmin olunması, uşaq futbolunun tərəqqisi, infrastrukturun müasir tələblər səviyyəsinə çatdırılması üçün həyata keçirilən məqsədyönlü tədbirlər müsbət nəticələr verməkdədir: “Sevindirici haldır ki, futbolun inkişafı məqsədilə görülən işlər ölkəmizdə fəaliyyət göstərən nüfuzlu şirkətlərin diqqətini cəlb edir və onlar da bu prosesin iştirakçısı ola bilmək üçün AFFA ilə əməkdaşlıq edirlər. Bu gün AFFA ilə Coca-Cola Bottlers Ltd arasında bağlanan müqavilənin Azərbaycan futbolunun inkişafına dəyərli töhfələrini verəcəyinə ümid edirəm. Əməkdaşlığımızın U-13 Liqası və Məktəbli kuboku layihələrini əhatə etməsi xüsusi əhəmiyyət kəsb edir. Çünki uşaq futbolunun inkişafı və kütləviliyin təmin olunması baxımından bu layihələrin ölkə futbolunda xüsusi rolu var”.

Bundan sonra U-13 Liqasının və Məktəbli kubokunun 2010-2011-ci il mövsümünün oyunlarından hazırlanmış video çarx nümayiş olunub. Ardınca “Coca-Cola”nın baş meneceri Lisani Atasayan çıxış edib: “Mən bu gün “Coca-Cola Company” və AFFA arasında tərəfdaşlıq münasibətlərini möhkəmləndirən U-13 liqasına və “Coca-Cola Məktəbli Kuboku”na dəstək haqqında sazişi xoşbəxtlik və iftixar hissi ilə imzalayıram. Biz Azərbaycan futbolunun tərkib hissəsi olmaqla gələcək Azərbaycan və dünya futbol ulduzlarının yetişdirilməsi işində çalışmağımızdan məmnunuq. Bu tərəfdaşlıq həm Bakıda, həm də yerlərdə yeniyetmə futbolunun inkişafına yardım göstərəcək. Sağlam həyat tərzinə dəstək – daim “Coca-Cola” şirkətinin prioritetləri sırasındadır. Biz Azərbaycanın idman hərəkatının tərəqqisinin tərkib hissəsi olmağımızdan məmnunluq duyuruq. Bu tərəfdaşlıq ittifaqının işlənib hazırlanmasında iştirak edənlərin hamısına minnətdarlığımı bildirirəm və gələcək müvəffəqiyyətlərə inanıram”.

Məmmədov və Atasayan müqaviləni imzalayıblar. AFFA-nın baş katibi Azərbaycan milli komandasının futbolkasını “Coca-Cola” şirkətinə hədiyyə verib. Atasayan öz növbəsində təmsil etdiyi şirkətin xatirə hədiyyəsini AFFA-ya təqdim edib. Tədbirin sonunda brifinq təşkil olunub. Atasayanla Məmmədov mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.

Qeyd edək ki, 5 illik müddəti əhatə edən müqavilə çərçivəsində AFFA və Coca-Cola şirkəti iki layihə – “U-13 Coca-Cola Liqa” və “Coca-Cola Məktəbli kuboku” üzrə əməkdaşlıq edəcək. Müqavilə müddəti ərzində Coca-Cola Bottlers Ltd tərəfindən AFFA-ya nəzərdə tutulan layihələr üçün 1 milyon 75 min ABŞ dolları məbləğində vəsait köçürüləcək.