“Xəzər Lənkəran” ilk oyunu Təl-Əvivdə keçirəcək
22.06.2011 - 13:52
“Xəzər Lənkəran” ilk oyunu Təl-Əvivdə keçirəcək
UEFA “Xəzər Lənkəran”ın Avroliqanın II təsnifat mərhələsində İsrailin “Makkabi” klubu ilə ilk görüşünün yerini dəyişdirib. Bu haqda apasport.az saytına məlumat verən Lənkəran təmsilçisinin vitse-prezidenti Tuyqun Nadirov bildirib ki, Təl-Əviv təmsilçisi ilə iyulun 14-də keçirilməsi nəzərdə tutulan görüşü səfərdə oynayacaqlar.

Püşkə əsasən İsrailin Avroliqada digər təmsilçisi olan “Bney Yehuda” da II mərhələdə ilk matçını səfərdə, cavab görüşünü bir həftə sonra evdə keçirməlidir. Komandaların hər ikisi ev oyunlarını Təl-Əvivdə “Blumfild” stadionunda keçirir və tarixlərin üst-üstə düşməsi problem yaradır. “Bney Yehuda”nın rəqibi Andorranın “Sent Culiya” komandasıdır.

Sözsüz ki, kubok prinsiplərini nəzərə alsaq, cavab görüşünü öz meydanında keçirmək daha sərfəlidir. Elə “Xəzər Lənkəran” da UEFA-dan bununla bağlı xoş xəbər alıb: “Makkabi” həm bizə, həm də UEFA-ya müraciət etmişdi. Əlbəttə, məkanın dəyişikliyi bizim üçün sərfəlidir. Biz “Makkabi” ilə ilk oyunu səfərdə keçirməyi istəyirdik. Bu, bizim üçün daha münasib variantdır”.

Qeyd edək ki, UEFA püşkdən sonra AZAL-ın Belarusun “Minsk” klubu ilə ilk oyununun da yerini dəyişdirdi və nəticədə komandamız ilk matçda meydan sahibi oldu.


Mehman SÜLEYMANOV