“Yenilərin hamısı yüksək səviyyəli futbolçulardır”
22.06.2011 - 16:02
“Yenilərin hamısı yüksək səviyyəli futbolçulardır”
Azərbaycanın Avroliqadakı təmsilçisi olan “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun apasport.az saytına müsahibəsi

- Püşk komandanıza çətin rəqib – İsrailin “Makkabi” klubunu çıxardı. Belə demək olarmı ki, bu, püşkün sizə növbəti sürprizi oldu?
- Belə demək olmaz. Ona görə ki, “Makkabi” keçilməz rəqib deyil. Hər halda, komandamız oyuna hazırlaşır. Əlbəttə, məqsədimiz qələbə qazanmaqdır. Fikrimcə, bunu əldə etmək olar.

- Amma razılaşın ki, İsrailin ən köklü klubu olan “Makkabi” güclüdür və daha münasib rəqiblə görüşməyi arzulamaq olardı...
- Nə olsun ki? Ötən il futbolçularımıza Moldovanın 15-ci komandası düşmüşdü. Keçə bildilər? Yox. Avrokubok oyununa ilk növbədə böyük motivasiya, böyük məsuliyyətlə yanaşmaq lazımdır. Hər halda, “Makkabi” bundan əvvəl bizə düşən Polşanın “Lex”, Zaqrebin “Dinamo” klubundan güclü deyil. Hər bir komandanı keçmək olar. Sadəcə, buna istək və çalışmaq lazımdır.

- Yəni, hazırda Avstriyada təlim-məşq toplanışında olan komandanızın düşərgəsində püşkdən sonra hansısa ruh düşkünlüyü yoxdur?
- Yox. Əksinə, komandamız böyük motivasiya ilə hazırlaşır. Bizə güclü rəqib düşdüyünü yaxşı anlayırıq. “Xəzər Lənkəran” da elə-belə komanda deyil. Çempionat boyu bunu göstərdik. “Xəzər Lənkəran” güclü komanda üzərində qələbə ilə öz gücünü göstərəcək.

- Hazırlığa başlasanız da, futbolçularınızın sayı azdır. Nə vaxt tam heyətlə intensiv hazırlığa başlayacaqsınız?
- Hazırda düşərgəmizdə futbolçularımızın sayı hardasa 20-yə yaxındır. Bəzi saytlarda yazırlar ki, 5-7 nəfərlə hazırlaşırlar. Xeyr, belə deyil. Keçən mövsümdən 8 futbolçu əsas heyətdəndir. Artıq bu gün əvvəlki heyətdən 10 nəfərdir. 7-8 futbolçu var ki, hansılarla danışıqlar aparırıq, baxışa gəliblər. Sabah, biri gündən demək olar komandamız tam heyətlə məşqlərini davam etdirəcək.

- Baxışa gələn, danışıqlar apardığınız futbolçular haqda ətraflı məlumat verərdiniz...
- Mən onlar haqda məlumat verə bilmərəm. Bu, futbol qaydalarına uyğun deyil ki, kimlərlə danışıq apardıqlarımızın adlarını açıqlayaq. İnşallah, hansı futbolçularla anlaşacağıqsa, onların adları açıqlanacaq. Kimlərlə alınmayacaqsa, onlar bizim futbolçu olmayacaqlar.

- “Makkabi”ni keçmək üçün heyətinizi gücləndirməyiniz vacibdir. Bu mənada neçə transfer etməyi, hansı mövqeləri gücləndirməyi planlaşdırdığınız bilmək olarmı?
- Vallah, hər mövqedə gücləndirilmə işi gedir. Ancaq elə demək olmaz ki, yeni futbolçular məhz baxışa gələcəklər. Bizim nümayəndələr tərəfindən onlara bir neçə ay öncə əvvəlki klublarında artıq baxılıblar. Sadəcə, bəzi nüanslar var. İnşallah, onlar qaydasına düşsün. Mən elə bilirəm ki, yaxşı olacaq.


- Futbolçular hansı ölkələrdəndir?
- Onlar müxtəlif dövlətlərin nümayəndələridir. Braziliya, Portuqaliya, Fransa, Nigeriyadan var. Hamısı da layiqli, yüksək səviyyəli futbolçulardandır. Son 6 ayda oyunları izlənilib. Yeni transferlərimiz bir neçə günə bəlli olacaq. Bundan sonra tam komplektləşmiş şəkildə hazırlaşacağıq.

- Mövsüm bitəndən sonra heyətinizdə qış fasiləsində olduğu kimi bir sıra futbolçu ilə yollarını ayırdınız. “Makkabi” ilə oyuna 1 ay qalmış köklü dəyişiklər, yeni futbolçuların gəlişi ilə uyğunlaşma baxımından problem olmayacaq?
- Demək olar ki, köklü dəyişiklik olmayıb. Sadəcə, hələ yanvardan sonra da saytınıza müsahibəmdə demişdim ki, “Xəzər Lənkəran” ilk dəfə bir eksperiment elədi. Qışda cəlb etdiyimiz bir neçə futbolçu ilə qısa müddətlik müqavilə imzaladıq. Onlarla müqavilələrdə belə bənd qoyduq ki, klub 6 aydan sonra futbolçunu bəyənməsə, onu göndərməyə haqqı var. Yəni, kompensasiyasız futbolçunu göndərə bilər. Bəyənsək, onda gərək həmin futbolçu ilə 2 illik müqavilə imzalayaq. “Xəzər Lənkəran”ın tələblərinə cavab verilməyən futbolçular avtomatik geri göndərildi, bəyəndiklərimizlə müqavilələr uzadıldı. Burda başqa söhbət yoxdur.

- Qışda komandanıza dəvət etdiyiniz futbolçulardan icarəyə götürdükləriniz vardı. Onlardan olan rumıniyalı müdafiəçi Adrian Skarlatakenin taleyinə aydınlıq gəldi?
- Skarlatakenin əvvəlki klubu Buxarest “Dinamo”su ilə arasında özünün məsələsi var. O, kluba nəsə kompensasiya verir və biz buna qarışmırıq. Bizim heç bir klubla nə icarəmiz var, nə razılığımız. Bu haqda yazılanların hamısı cəfəngiyatdır. Adrian uzun müddətli, tam hüquqlu bizim futbolçudur. Futbolçu köhnə komandası ilə kompensasiya, yoxsa nə məsələsi var, bu, artıq onun öz işidir. Skarlatake ilə müqavilə məhdudiyyətimiz yoxdur. İcarədə olan futbolçu odur ki, ona görə pul ödəyib, klubu ilə icarə müqavilə bağlayırsan. Skarlatakenin ən azı dekabra kimi müqaviləsi var və biz onu yeniləyərək, növbəti 2 il üçün onu uzatdıq.

- Rumıniyalı hücumçu Kristian Budun keçidi reallaşdımı? Hələ ki yeganə transferiniz odur?
- Bud? Onu kim transfer edib ki? Bu, nə vaxt oldu? Mənə də bir xəbər verin də (gülür).

- Biz bu transferin reallaşıb-reallaşmadığını sizdən soruşuruq...
- Budla heç danışığımız da olmayıb.

- Yəni mövsümlərarası fasilədə hələlik yeni transferinizin olmadığını rəsmən açıqlayırsınız...
- Bəli.

- Afrikalıların Avropaya viza verilməsi ilə bağlı dəfələrlə problem olub. Bu mənada Afrikada olan futbolçularınız Julius Vobayla Emeka Oparanın Avstriyada gəlişi nə vaxt reallaşacaq?
- Biz onların sənədlərini bir ay qabaq, hələ mayda təqdim etmişik. Viza məsələlərinin tez bir zamanda həllini istəyirdik. Ancaq əfsuslar olsun ki, onlara viza verməkdən imtina etmişdilər. Sonradan bir daha müraciət etdik və 10 günə vizaları veriləcək.

- Yəni “Makkabi” ilə oyuna Avstriyadakı hazırlıqda iştirak edəcəklər?
- İnşallah, növbəti həftə Avstriyaya gəlib, komandaya qoşulacaqlar. Hazırda Bakıdadırlar, orda məşq edirlər. Onlar peşəkar futbolçudurlar, ən azı 2 həftə qalmış qoşulsalar, hər şey qaydasında olacaq.

Mehman SÜLEYMANOV