“Minsk” rəsmisi: Məktub yazıb, AZAL-dan üzr istədik
22.06.2011 - 23:02
“Minsk” rəsmisi: Məktub yazıb, AZAL-dan üzr istədik
“Biz AZAL klubundan rəsmi məktub almışıq. Onlar ilk görüşün yerinin dəyişdirilməsini, yəni UEFA-nın püşkdə çıxardığı kimi – iyunun 30-da Minskdə oynamağı istəyir”. Bu fikirləri apasport.az saytına eksklüziv açıqlamasında Belarusun “Minsk” klubunun idman direktoru Aleksandr Alekseyçikov deyib.

UEFA iyunun 20-də püşkdən sonra Avroliqanın ilk təsnifat mərhələsində 6 oyunun yerini dəyişdirdi ki, bunlardan biri “Olimpik-Şüvəlan” kimi göstərilən komandamızın “Minsk”lə görüşüdür. Yəni, iyunun 30-da ilk oyun Bakıda, bir həftə sonra cavab görüşü Minskdə olmalıdır.

Ancaq əvvəlki qrafik bizim üçün daha münasib idi və üstəlik, “Qarabağ”la AZAL ayrı-ayrı stadionlarda – biri Tofiq Bəhramov adına Respublika, digəri Şüvəlan qəsəbəsindəki stadionda oynadığından, eyni gündə 2 rəqibi qəbul etməklə bağlı problem yoxdur. Bütün bunları nəzərə alan AZAL rəhbərliyi “Minsk”ə müraciət edib və qarşı tərəf razı olarsa, UEFA-nın yenidən dəyişiklik etməsi mümkündür.

Məsələyə aydınlıq gətirən “Minsk”in rəsmisi bildirib ki, UEFA yerlərin dəyişdirdiyi ilə bağlı qərar çıxararkən, İsveçrədə olduğundan, baş verənlərdən xəbəri olmayıb: “Klubdan zəng edib, mənə bu haqda dedilər. Dedilər ki, UEFA-nın rəsmi məktub gəlib. Püşkə görə əvvəlcə AZAL-ı qəbul edib, sonradan iyulun 7-də rəqibin meydanında oynamalı idik. Sonradan UEFA məkanın dəyişdirilməyi ilə bağlı qərar çıxardı. Çünki mənə belə aydınlaşdırdılar ki, Bakının 2 komandası eyni gündə eyni şəhərdə oynaya bilməz. Buna görə də yeri dəyişməli oldular. Yəni, öncə biz Bakıya getməli, sonra AZAL-ı qəbul etməliyik. Onlar UEFA-nın sirkulyar məktubunun 12-ci maddəsinə əsaslanırlar. Bu zaman komandaların biri Bakıda qalıb, digəri səfərə çıxmalıdır. Qaydaya görə, arada məsafə 50 kilometrə qədər olmalıdır. UEFA nə demək olduğunu bilirsiniz. Onları nəyi başa salmaq düzgün çıxmaz. Artıq onlar qərar qəbul ediblər. Bu dəyişikliyin kimə yaxşı, kimə pis olduğunu oyun göstərəcək”.

AZAL-ın müraciətinə toxunan Alekseyçikov hər şeyin təkcə onlardan asılı olmadığını bildirib: “Bu gün AZAL rəhbərliyi məkanın dəyişdirilməyi ilə bağlı bizə müraciət etdi. Ancaq vəziyyət elə alındı ki, UEFA-nın qərarından sonra biz Belarus hava şirkəti, televiziya ilə müqavilə imzaladıq. Hava şirkəti bizi təyyarə ilə təmin edəcək və iyulun 29-da Bakıya çarter reysi ilə yollanacağıq. Televiziya isə oyunumuzu canlı yayımlayacaq. Üstəlik, UEFA-nın qərarından sonra ev oyunumuz iyulun 7-ə təyin edildiyindən, həmin tarixə afişaların, biletlərin hazırlanması ilə bağlı sifariş vermişik. Hazırda bunlarla bağlı iş gedir”.

Otellərdə yerlərin də artıq sifariş verdiyini deyən Alekseyçikovun sözlərinə görə, AZAL-la yerləşdirmə məsələlərini ilkin razılaşdırıblar: “Bu üzdən artıq yerlərimizi bronlaşdırmışıq. Həmin bronları iyulun 6-8-si arasına keçirməli olmuşuq. AZAL-ın müraciətindən sonra tərəfdaşlarımıza üz tutduq. Onlar bizə dedilər ki, artıq sifariş verildiyindən, iş getdiyindən biz sizə sonradan, yəni iyulun 6-da çarter reysi zəmanət verə bilmərik. Deməli, bu zamanı Bakıya getməkdə problemimiz olacaq. Televiziya da oyunun proqramına daxil etdiyindən, dəyişiklik edə bilmədiyini deyir. Biz televiziya ilə müqavilə bağlamışıq və xaricdəki oyunlarımız yayımlanacaq. Bu zaman siqnal ötürülərək, oyun göstəriləcək. Bir sözlə, dünən və bu gün çox şey baş verdi və xeyli hazırlıq işləri görülüb”.

Artıq komandamıza cavab məktubu göndərən idman direktoru üzrxahlığını çatdırır. Alekseyçikovun fikrincə, artıq məsələyə son qoyular: “Biz AZAL-ın müraciət anlayışla qarşıladıq, onları yaxşı başa düşdüyümüzü bildirdik və dəyişiklik edə bilmədiyimizlə bağlı üzr istədik. UEFA-nın AZAL-ın müraciətinə müsbət cavab verəcəyi də bilinmir. Hər halda, rəsmi saytda ilk oyunda komandanız meydan sahibi kimi qalır. Yenidən dəyişiklik olsa, bizi başa düşməyə də bilərlər. AZAL iyunun 30-dakı görüşün Bakı vaxtilə saat 20:00-da başlanmasını təsdiqləyib. Məsələ tək bizdən asılı olsaydı, razılıq verərdik. Ancaq partnyorlarımız zəmanət verməyindən, çətin vəziyyətdə qala bilərik. Onlar mənə deyir ki, iyulun 6-7-ə təyyarəyə zəmanət vermirik. İyulun 29-da isə buyurun, çarterlə uça bilərsiniz. Axı bizə sifariş vermisiniz, biz də həmin tarixə təyyarə tapmışıq. Ancaq 6-7-də problem olacaq. Bunu həll edib-etməyəcəklər, bilinmir. Birdən təyyarə bizə vermədilər? Dedilər ki, bağışlayın, dediyiniz tarixdə reys, bilet yoxdur. Onda necə Bakıya gedib çıxa bilərəm? Ona görə də özümüz-özümüzə problem yarada bilərik. Hər şey AZAL-a göndərdiyim məktubda yazılıb. Hər şeyi göstərib, vəziyyəti aydınlaşdırmışam”.

Mehman SÜLEYMANOV