Finalçılar müəyyənləşdi
23.06.2011 - 08:17
Finalçılar müəyyənləşdi
21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının finalçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Danimarkada keçirilən yarışda yarımfinal oyunları keçirilib.

İlk matçda İspaniya və Belarus futbolçuları meydana çıxıb. Seçmə mərhələdə Azərbaycan milli komandasını 2 dəfə məğlub edən Georgi Kondratyevin yetirmələri sensasiyaya yaxın olsalar da, 89-cu dəqiqədə buraxılan qoldan sonra əlavə vaxt da oynamalı olub – 1:1. İspanlar yarım saatda daha 2 qol vuraraq finala vəsiqə qazanıb.

Digər finalçı da əlavə vaxtda müəyyənləşib. İsveçrəlilər yalnız 114-cü dəqiqədəki qolla Çexiyanı keçməyi bacarıb – 1:0.

Qeyd edək ki, final və III yer uğrunda oyun iyunun 25-də keçiriləcək.