“Neftçi”yə gəldiyim zaman Heydər Əliyevin mənə köməyi dəydi”
25.06.2011 - 17:02
“Neftçi”yə gəldiyim zaman Heydər Əliyevin mənə köməyi dəydi”
AZAL-ın Avroliqada rəqibi olan Belarusun “Minsk” klubunun idman direktoru Aleksandr Alekseyçikovun apasport.az saytına eksklüziv müsahibəsi

- Püşkdən sonra əhval-ruhiyyəniz necədir?
- Pis (gülür).

- Niyə?
- Çünki çətin rəqiblə düşmüşük. AZAL güclü komandadır.

- Belə çıxır ki, püşkdən narazısınız?
- Yox. Əvvəla, yenidən Bakıya gələcəyimə görə şadam. Çünki vaxtilə oynadığım şəhərdə olacağam.

- Bunu bilirik. Hələ SSRİ dövründə 1984-cü ildə “Neftçi”də çıxış etmisiniz...
- Doğrudur. Elə bir dövr oldu ki, mənim özüm Bakı klubunun uğurları üçün çalışmışam. Ona görə də “Neftçi”, Bakı, insanlarınız haqda ən yaxşı təəssüratlarım qalıb. Onu da bilirəm ki, keçmiş komanda yoldaşım indi AZAL-ın baş məşqçisidir.

- Elədir. Nazim Süleymanovla “Neftçi”də birgə oynamısınız...
- Bəli, “Neftçi”də 1 il Süleymanovla birgə oynamışam. Nazim onda gənc oğlan idi, 19 yaşı vardı. O, yadımda yaxşı futbolçu, yaxşı insan kimi qalıb. Onu da bilirəm ki, rəqibimizdə bir sıra həmyerlilərim oynayıb. Həmin belaruslu futbolçular arasında Dmitri Parxaçov, Gennadi Bliznyuk olub. Bir sözlə, AZAL çox yaxşı komandadır. Bilirəm ki, yaxşı sponsorları var. Onlar futbolu sevirlər, rəhbərliyi, futbolçuları qiymətləndirirlər və klub üçün yeni stadion tikdirərək, qarşılarında yaxşı vəzifə qoyublar. Sponsorların klubun arxasında belə durması yaxşı haldır.

- İsveçrənin Nyon şəhərində UEFA-nın mənzil-qərargahında keçirilən püşkatma zamanı AZAL-ın nümayəndələri, prezidenti Vaqif Qasımovla görüşdünüz. Təəssüratlarınız necə oldu?
- Onu deyim ki, ilk təəssüratlarım çox yaxşıdır. Hətta AZAL rəhbərliyi müraciət edərək, bizi yüksək səviyyədə qəbul edəcəklərini bildirdilər. Oteldə yerləşdirmə, nəqliyyat məsələlərini həll, avtobusla təmin edəcəklərini dedilər. Yəni İsveçrədə bizim aramızda çox yaxşı, hətta dostcasına görüş oldu. AZAL-ın prezidenti ilə söhbətimizdə çoxlu ortaq tanışlar tapdıq. Onlar sağ-salamatdırlar. Bir sözlə, AZAL-ın rəhbərliyi çox xoş insanlardır. Fikrimcə, onlar işlərinin peşəkarlarıdır.

- Sirr deyilsə, bu, ortaq tanışlarınız kimlədir? Futbol adamlarıdır?
- Bəli. Püşkdən sonra çox yaxşı tanıdığım, dostum adlandıra bildiyim Asim Xudiyevlə telefonla danışdım. O, oyuna İsgəndər Cavadov, Maşallah Əhmədov, yəni “Neftçi”də birgə çıxış etdiyim insanların gələcəyinə mənə zəmanət verdi. Məni Bakıda xatırladıqlarını bilmək mənim üçün xoşdur. Paytaxtınızda isti, dostcasına görüşə ümid edirəm.

- “Neftçi”dəki çıxışınızı necə xatırlayırsınız?
- Çox yaxşı. Yalnız ən xoş sözləri deyə bilərəm. Bunu ilk növbədə birgə işlədiyim insanlara aid edirəm. Buna misal olaraq Kazbek Tuayev, Ruslan Abdullayev, Rauf Adıgözəlovun adını çəkə bilərəm. Həmin vaxt əhatəmdə “Neftçi”yə rəhbərlik edən bu şəxslər vardı. Üstəlik, onda respublika, şəhər rəhbərliyinin bizə qarşı necə diqqətinin olduğunu özlüyümdə hiss edirdim. Ola bilər ki, bir az ümidləri doğrultmurduq. Ancaq bununla belə, mən həmişə Bakını SSRİ-nin əsas futbol şəhərlərindən biri sayırdım. Azərbaycan, Bakı futbol məktəbinin yetirmələri yaxşı nəticə göstərirdilər. Aparıcı futbolçular faktiki olaraq dünyanın hər yerində çıxış edirdilər.

- Siz futbolçu karyeranızı erkən, heç 30 yaşınız tamam olmamış bitirməli oldunuz, “Neftçi”dən də cəmi 1 mövsümdən sonra getdiniz. Bütün bunların səbəbi nə idi?
- “Neftçi”dən gedəndən sonra vətənimə qayıtdım. Belarusda daha 2 il oynayandan sonra karyeramı bitirəsi oldum. Bilirsiniz, bu, bəzi nüanslarla, məşqçi ilə problemlə bağlı oldu. Üstəlik, ailə məsələlərim futbol həyatıma təsir göstərdi. Onda Minskdə yaşayan oğlum kiçik, 5 yaşı vardı. Onun məktəbə getmək vaxtı yaxınlaşırdı və ailəmin yanına qayıdası oldum. Yəni “Neftçi”dən ailə vəziyyətimə görə getməli oldum. Hərçənd cəmi yarım ildən sonra mənə geri qayıtmaqla bağlı dəvət göndərilər. Ancaq ailə vəziyyətimə görə yenidən “Neftçi”də oynamaq imkanından istifadə edə bilmədim. İndi idman direktoru olduğum “Minsk”də çox yaxşı maddi-texniki bazamız var. Orada 18 meydança var və Azərbaycanın müxtəlif yaşda yığma komandaları hər il, hər yay bazamızda təlim-məşq toplanışları keçirir. Onlar meydançalarımızda 2-3 həftə hazırlaşır. Sizə açıq deyim ki, azərbaycanlı insanları görmək həmişə xoşdur. Ən əsası, yığmalarınızın baş məşqçiləri mənə “Neftçi”də onlarla birgə oynamaq nəsib olanlardır.

- Həmin vaxt “Neftçi”yə dəvətiniz necə reallaşmışdı? Bu, kim tərəfindən olmuşdu?
- Mən “Neftçi”yə cənab Adıgözəlovun vasitəçiliyi ilə dəvət etdilər. Səhv etmirəmsə, o, hakim kimi oyunumuzda idarəçilik etmişdi. Bizim “Rotor”la kubok matçımızda hakim idi. Yəqin ki, məni yaxşı futbolçu sayaraq, “Neftçi”yə təklif etmişdi. Hərçənd 2 ay məni heç cürə sifariş edə bilmirdilər. Mərhum ölkə başçınız Heydər Əliyevin mənə köməyi dəydi. O, həmin vaxt, 1984-cü ildə SSRİ-də Nazirlər Sovetinin sədrinin 1-ci müavini idi və o, məsələyə qarışmalı oldu. Bundan sonra adımı “Neftçi”nin iştirak ərizəsinə daxil etdilər.

- Yəqin ki, Adıgözəlovun da artıq dünyasını dəyişdiyini bilirsiniz...
- Bəli. Mən bu xəbəri üzüntü ilə qarşıladım, çox sarsıldım. Onunla ən yaxşı münasibətlərimiz olub. Açıq deyim ki, həmin vaxt “Neftçi”nin bazasında çox yaxşı insanlar işləyirdilər. Faktiki olaraq 1 il bazada yaşadım. Xadimə, aşbazlardan başlayaraq rəhbərliyə kimi hamı haqda yaxşı təəssüratlarım qalıb. Onu da deyim ki, “Neftçi”nin bazası həmin vaxt SSRİ-də ən yaxşılardan biri idi. Orada hər cür şərait yaradılmışdı.

- “Neftçi”yə qarşı bu məhəbbətinizi nəzərə alsaq, onunla avrokuboklarda görüşmək ürəyinizcə olmazdı...
- Yox. Mən hansısa komandada olmuşamsa, işimə peşəkarcasına yanaşmışam. Bir misal çəkim. “Neftçi”nin heyətində oynadığım zamanı burada, Minskdə “Dinamo”ya qol vurmuşam. Mən həmin komandadan Bakıya gəlmişdim. Ona görə də həm “Dinamo”, Minsk futbolçu, həm də “Neftçi” mənə doğmadır. Belə bir deyim ki, idman idmandır. Biz saat yarım rəqib, qalan vaxtda yaxşı dostlar ola bilərik.

- “Neftçi”nin hazırkı çıxışını izləyirsiniz? Onların da sizinlə bir gündə püşkü atıldı və Çempionlar Liqasında güclü Zaqreb “Dinamo”suna düşdülər...
- Bilirsiniz, indi işimlə əlaqədar boş vaxtım az olsa da, imkan tapanda məmnuniyyətlə izləyirəm. Eyni sözləri yanvarda Bakının “İnter” klubunun “Birlik kuboku”nda çıxışı haqda deyə bilərəm. Komandanız həmin turnirdə bütün oyunlarda qalib gələrək, 1-ci oldu. “İnter”in “Birlik kuboku”nu qazanması məni çox sevindirdi. Üstəlik, bu komandada yaxşı tanıdığım bolqar futbolçu Petar Zlatinov oynayır. Minsk “Dinamo”sunda işlədiyim zamanı Zlatinov mənim futbolçum idi. O, ən sevimli futbolçularımdan biridir. Sözsüz ki, Zlatinovun oynadığı Azərbaycan komandasını turnirin qalibi olması mənim üçün xoş idi. Özü də “İnter” “Birlik kuboku”nu çox yaxşı oyun göstərərək, qazandı. “Neftçi”yə Çempionlar Liqasında uğurlar arzulayıram. Əlbəttə, “Dinamo”nu keçmələrini ürəkdən istəyirəm.

- Ötən çempionatın bürünc medalçısı olsanız da, cari mövsümdə uğursuz çıxış edirsiniz. Turnir cədvəlində 7-ci yerdə gedirsiniz. Bu, maddi problemləriniz, büdcənizin azlığı ilə əlaqədardır?
- Son illərdə olan iqtisadi, maddi böhran Belarusdan da yan keçmədi. Bunun bizə də mənfi təsiri oldu. 2009-10-cu illərdə maddi resurslar tapırdıq. Ancaq getdikcə böhranın təsirinin daha çox hiss edirik. Bildiyiniz kimi, Belarusda təbii sərvətlər azdır. Ona görə də bunları kənardan almağa məcbur oluruq. Gördüyünüz kimi, dünyada nələr baş verir, qiymətlər qalxır. Ona görə də maddi çətinliklərimiz var. Yarım il öncə sizin və bizim ölkəmizin prezidentləri arasında ən yüksək səviyyədə görüş oldu. Azərbaycan Belarusa yardım məqsədilə ilk əlini uzadan oldu. Neft sahəsi ilə bağlı yaxşı müqavilə imzalandı, əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı danışıqlar gedir. Fikrimcə, vəziyyət normalaşacaq.

- Klubunuzun büdcəsini açıqlaya bilərsiniz?
- Bu, 3 milyon dollara yaxındır.

- Azərbaycanın iddialı klublarının büdcəsi bundan artıqdır...
- Bu, belədir?

- Bəli.
- Klubumuz əsasən uşaq-idman məktəbinin bazasında formalaşıb. Gələcəkdə inkişaf edib, büdcəmizi artıracağıq. Büdcə birbaşa komandanın çıxışından asılıdır. Bahalı futbolçular pis oynaya bilməzlər. Futbolçular yaxşı oynayanda, onda kluba da böyük pullar, oyunlara daha çox insanlar gələcək.

- Komandanızın erməni soyadlı, ancaq Belarus vətəndaşı olan Andrey Xaçaturyan oynayır. Onu Bakıya gətirməyi düşünürsünüz?
- Bəli.

- Problem olmayacaq? Hər halda, Bakıda olmusunuz, ermənilərlə münasibətlərimizi bilirsiniz...
- Məncə, olmayacaq. Xaçaturyan belarusludur, sadəcə, erməni soyadını daşıyır. Yeri gəlmişkən, müqavilə ilə Rusiyanın “Jemçujina-Soçi” klubuna məxsusdur. Bizdə icarə əsasında oynayır.

- Bizdən fərqli olaraq sizdə çempionat gedir. Bunu nəzərə alsaq, şansları necə dəyərləndirirsiniz?
- Fikrimcə, AZAL-la oyunlarda şanslar bərabərdir. Çempionatda oynamağımızın avrokuboklara təsir göstərib-göstərməyəcəyini oyunlar göstərəcək. Məncə, bunda hər şey futbolçuların və məşqçilərin işə münasibətindən asılı olacaq. Bilirsiniz ki, indi futbolda nəticəni əvvəldən demək olmur. Hər yerdə oynaya bilirlər. Mən bilirəm ki, AZAL-da çoxlu legionerlər oynayır. Yəqin ki, onlar da avrokuboklarda özlərini ən yaxşı tərəfdən göstərmək istəyirlər. Bir sözlə, stimul, motivasiya var.

Mehman SÜLEYMANOV