Xaçaturyan: Bakıya gəlməkdən qorxmuram – EKSKLÜZİV
28.06.2011 - 17:00
Xaçaturyan: Bakıya gəlməkdən qorxmuram – EKSKLÜZİV
AZAL-ın Avroliqada rəqibi olan Belarusun “Minsk” klubunun erməni futbolçusu Andrey Xaçaturyanın apasport.az saytına müsahibəsi

- Komandanız Avroliqanın I təsnifat mərhələsində AZAL-la səfər oyunu ilə əlaqədar sabah ölkəmizə gələcək. Ancaq siz səfərə çıxan heyətdə yer almayacaqsınız...
- Doğrudur. Mənim zədə problemim var. Bu səbəbdən komandanızla oyunu buraxmalı olduğumdan, Bakıya getməyəcəyəm.

- Zədəniz belə ciddidir ki, Bakıya gələ bilməyəcəksiniz?
- Ciddi xəsarət almamışam. Sadəcə, çempionatımızın son turunda Jodino “Torpedo”su ilə səfər oyununda rəqiblə mübarizə zamanı dizimdən aldığım zərbə üzündən hələ 18-ci dəqiqədə əvəzlənməli oldum. Müayinə bir neçə həftəlik sıradan çıxdığımı göstərdi. Ümid edirəm ki, tezliklə sağalıb, yaşıl meydana qayıdacağam.

- Sözlərinizdən belə çıxır ki, AZAL-la iyulun 7-də Minskdəki cavab görüşündə də iştirak etməyəcəksiniz...
- Bu matçda oynayacağımı hələ dəqiq bilmirəm. Çox güman, onda da meydana çıxmayacağam.

- Bir neçə həftəlik sıradan çıxdığınızı deyirsinizsə, deməli, cavab oyununu da buraxacaqsınız...
- Bəli, belə demək olar. Yəqin ki, Minskdəki görüşə kimi hazır olmayacağam.

- Hələ püşkdən sonra sizin Bakıya gəlməyinizlə bağlı böyük müzakirələr gedirdi. Çünki belaruslu olsanız, erməni soyadı daşıyırsınız. Bu da atanızın erməni olmağı ilə bağlıdır. Elə isə zədəni daha çox bəhanə saymaq olar?
- Yox, bu, belə deyil. Mən Bakıya elə-belə, gəzmək üçün gələ bilərəm. Ancaq bunun nə mənası var?

- Niyə yoxdur ki? Bakıya gəlib, komandanıza mənəvi dəstək verə bilərdiniz...
- Mən bunu mənasız sayıram. Ona qalsa, burada görüləsi işlərim özümə yetir. Elə məsələlər var ki, onları həll etməliyəm.

- Bunlar belə nə vacib məsələlərdir ki, buna görə Bakıya gəlməyi lazım bilmədiniz?
- Problem məndə deyil. Məsələ ondadır ki, qayğılarım özümə bəsdir. Gərək zədəmi müalicə etdirim. Bu üzdən Bakıya gedib, 2-3 gün vaxt itirməyimin mənası yoxdur. Ondansa vaxt itirməyib, burda zədəmi tez sağaltmağım daha məqsədəuyğundur. Bilirsiniz, haqqımda nə deyilməsi məni maraqlandırmır. Mən elə futbolçu deyiləm ki, bunlara fikir verim.

- Hesab etmirsiniz, soyadınızın erməni olmağı ölkəmizə gəlməyinizdə problem olacaq?
- Yox, nə problem? Mən demişəm ki, Ermənistanla Azərbaycan arasında münasibətlər, kimin kiminləsə probleminin olması məni maraqlandırmır. Bu, Bakıya gələ bilməməyimə, haqqımda belə fikirləşməyə əsas vermir. Sadəcə, ölkənizə səfər etməməyimin səbəbini dedim və bu, yalnız zədə ilə bağlıdır.

- Siz belə hesab etsəniz də, soyadınızı dəyişə bilməzsiniz və bu, Xaçaturyandır. Yəqin ki, elə komandanız də belə soyadlı futbolçuya görə Bakıda problemlə üzləşməmək üçün sizi gətirmək istəmir...
- Komandamızla bununla bağlı heç bir problem yox idi. Ola bilər ki, orada mənim gəlməyimi istəməyiblər. Bu, məni maraqlandırmır. Azərbaycanın Ermənistanın hansısa komandaları beynəlxalq miqyasda düşsələr, məgər bir-biri ilə oynamayacaqlar?

- Fakt odur ki, UEFA və FİFA bu 2 ölkə arasında münasibətləri nəzərə alaraq, onları nə yığma, nə də klub səviyyəsində bir-biri ilə görüşdürür...
- Bu, aydındır. Ancaq hansısa komandalarda Ermənistan və Azərbaycandan bir neçə futbolçu olsa, onlar bir-birinə qarşı oynamayacaqlar? Əlbəttə, oynayacaqlar. Bu, oynamamaq üçün səbəb deyil.

- Belə çıxır ki, Bakıya gəlməkdən qorxmursunuz?
- Yox. Niyə qorxmalıyam ki? Mən qorxmuram.

- Maraqlıdır, siz özünüzü belaruslu, yoxsa erməni sayırsınız?
- Mən hazırkı vəziyyətdə belarusluyam.

- Ancaq atanız ermənidir, damarlarınızdan erməni qanı axır. Bunun inkar edə bilməzsiniz...
- Atamın da Belarus pasportu var. Ancaq bəli, o, Ermənistanda anadan olub. Mən isə Belarusda doğulub, boya-başa çatmışam.

- Yəni indi ikiniz də özünüzü belaruslu sayırsınız?
- Bəli. Bu, indiki vəziyyətdə belədir.

- “Minsk”dəki baş məşqçiniz Vitali Tarakanov saytımıza müsahibənizdə sizin xarici görünüşcə heç erməni oxşamadığını deyib...
- O, düzünü deyib. Bu, həqiqətən belədir. Mən xarici görünüşcə qafqazlılar kimi çox qarayanız deyiləm.

- Doğrudanmı, sizi Azərbaycanla Ermənistan arasında münasibətlər heç maraqlandırmır? Hər halda, əslən ermənisiniz...
- Açığı, məni bu düşmənçilik heç maraqlandırmır. Mən bu düşmənçiliyi başlamamışam, onu davam etdirməyə, onda iştirak etməyə hazırlaşmıram.

- Atanızla Azərbaycan komandası ilə oynayacağınızı müzakirə etmisiniz?
- Yox.

- Atanızın Ermənistanda anadan olduğunu nəzərə alsaq, Azərbaycanla münasibətlərə biganə ola bilməz. O, bu haqda nə fikirləşir? Baş verənlərlə maraqlanırmı?
- Mən bunu bilmirəm. O, mənə Ermənistanla Azərbaycan arasındakı problem haqda heç nə deməyib. Atam mənə bu haqda heç nə demək istəməyib.

- Püşkdə Azərbaycan komandası ilə düşəndə, ilk reaksiyanız necə oldu?
- Adi reaksiya oldu. Nəsə xüsusi bir şey yox idi. Azərbaycan komandasının bizə rəqib olmasını normal qarşıladım.

- Yəni buna görə üzülmədiniz?
- Yox. Niyə üzülməliyəm ki? Mən bunu etmədim. AZAL normal komandadır və onu keçmək lazımdır.

- Belə çıxır ki, komandanızı keçmək şansınızı yüksək qiymətləndirirsiniz?
- Əlbəttə, biz növbəti mərhələyə çıxmalıyıq. Mən öz komandamın gücünə şübhə etmirəm.

- Məgər sizin komanda bizimkindən belə güclüdür ki?
- Mən sizin komandanızın gücünü bilmirəm. Ancaq onu dəqiq bilirəm ki, bizim komanda güclüdür.

- Siz mərhələ keçməyiniz haqda iddialı danışırsınızsa, rəqibin gücünü bilməlisiniz. Bəlkə AZAL “Minsk”dən daha güclüdür?
- Bilmirəm. Zaman hər şeyi göstərəcək. Onda biləcəyik ki, bizim, yoxsa sizin komanda güclüdür.

- Mərhələ keçmək şanslarını bərabər, yoxsa komandanızı daha üstün sayırsınız?
- Yox. Kimin güclü olduğunu oyunlar göstərəcək. İlk görüş keçirilməyənə kimi şanslar bərabərdir. Artıq buna bütün komandalar futbol oynamağı, kimsə yaxşı müdafiə olunmağı, kimsə yaxşı hücum etməyi öyrənib. Buna görə də Bakıdakı oyun hər şeyi göstərəcək.

- Minskdəki cavab görüşündə meydana çıxası olsanız, Azərbaycan komandasına qarşı böyük istəklə oynayacaqsınız?
- Bunun nə dəxli var ki? Hər matçda böyük istəklə oynayıram. Mənim üçün fərqi yoxdur, rəqib Azərbaycan, yoxsa İngiltərə komandasıdır.

- Xaçaturyana Azərbaycanla görüşmək daha böyük stimul, motivasiya vermir?
- Yox. Rəqibin kimliyi mənim üçün heç fərq etmir.

- Adətən prinsipial rəqiblər görüşəndə meydanda ehtiraslar qızışır. Bu zaman insident ola bilər. Siz bundan ehtiyatlanmırsınız?
- Yox. Mən buna görə narahat deyiləm. Kimsə məni təxribata çəkmək istəsə, buna nail olmayacaq. Bu, mənasız şeydir. Əsas odur ki, həmin adamın özü sonradan normal vəziyyətdə qalsın.

Mehman SÜLEYMANOV