Cahangir Həsənzadə: Bakıda mütləq yaxşı nəticə qazanmalıyıq
29.06.2011 - 23:07
Cahangir Həsənzadə: Bakıda mütləq yaxşı nəticə qazanmalıyıq
“Minsk” ötən mövsüm Belarus çempionatında yaxşı nəticə əldə edərək, Avroliqada oynamaq hüququ qazanıb. Güclü rəqib olmasa da, iki eyni səviyyəli komanda olduğumuzu düşünürəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında AZAL-ın qapıçısı Cahangir Həsənzadə deyib. Avroliqanın I təsnifat mərhələsi çərçivəsində bu gün Belarusun “Minsk” klubunu qəbul edən “təyyarəçilər” oyuna hazırlığını yekunlaşdırıb. Bu gün saat 18.30-da oyun öncəsi son məşqini keçirən Nazim Süleymanovun yetirmələri artıq oyunun start fitini gözləyir.

Rəqibi artıq təhlil etdiklərini qeyd edən Cahangir şansların bərabər olduğunu deyib: “Hər iki komandanın şansı var. Bunun 50-nin 50-yə olduğunu düşünürəm. Aşkar favorit qismində komandalardan heç birini fərqləndirə bilmərəm”.

Oyunöncəsi komandada ab-havanın yüksək olduğunu bildirən təcrübəli qapıçı bütün diqqətlərini oyuna yönəltdiklərini vurğulayıb: “Hamımız ancaq oyun haqda düşünürük. Klub rəhbərliyi də matça konsantrasiya olmağımız üçün əlindən gələni edib. İlk görüşdən sonra növbəti planlarımız məlum olacaq”.

Rəqibi doğma meydanda qəbul etməyin üstünlük olduğunu deyən Həsənzadə bundan mütləq istifadə etməli olduqlarını söyləyib: “Evdə oynayırıq. Bu bizim üçün əlavə üstünlükdür. Mütləq yaxşı nəticə qazanmalı, matçı izləyəcək azarkeşləri sevindirməliyik”.