Qurban Qurbanov: “Banqa” ilə oyun bizə sərf edən nəticə ilə bitəcək
30.06.2011 - 08:40
Qurban Qurbanov: “Banqa” ilə oyun bizə sərf edən nəticə ilə bitəcək
“Komandamız oyuna plana uyğun şəkildə, ciddi hazırlaşıb və düşünürəm ki, oyun hər iki tərəf üçün çətin keçəcək. Meydançanın süni olmasının bizə elə də önəmi yoxdur, çünki süni meydançada futbolçularım necə oynamağı bilirlər”. Apasport.az saytının məlumatına görə, bunun “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Gənc mütəxəssis Avroliqanın I təsnifat mərhələsində qarşılaşacaqları Litva “Banqa”sı ilə oyundan öncə keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycana sərfəli nəticə ilə dönmək arzusundadırlar: “Heyətdə keçən illə müqayisədə dəyişiklik elə də böyük deyil və demək olar ki əsas “onurğa sütunu”nu saxlaya bilmişik. Rəqibimiz gənc, dinamik rəqibdir və ən əsası baş məşqçisi tanınmış, təcrübəli bir mütəxəssisdir. Amma oyunun nəticəsinə gəlincə, konkret bir hesab deməyəcəm. Sadəcə inanıram ki, oyun komandamıza sərf edən nəticə ilə bitəcək”.

Daha sonra “Banqa” komandasının baş məşqçisi Arminas Narbekovas mətbuatın suallarını cavablandırıb. O, meydança amilinin, azarkeş amilinin onların tərəfində olmasına diqqəti çəkərək futbolçularına ilk matçda sərfəli nəticə qazanması üçün çalışdıqlarını deyib: “Oyunun nəticəsinə gəlincə, qələbə olmasa, onda qolsuz heç-heçəni sərfəli nəticə sayacağıq”.

Qeyd edək ki, “Banqa” – “Qarabağ” oyunu bu gün Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.

Mənbə: qarabagh.com