“Əsas məqsədimiz “İnter”in oyun üslubuna uyğun futbolçular hazırlamaqdır”
30.06.2011 - 09:06
“Əsas məqsədimiz “İnter”in oyun üslubuna uyğun futbolçular hazırlamaqdır”
“Növbəti mövsümə hazırlığın əsas hissəsini ölkə daxilində keçirəcəyik. Bu məqsədlə bu gün Qusara təlim-məşq toplanışına yollanırıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun əvəzedici komandasının baş məşqçisi Tofiq Mustafayev deyib. Yaxında paytaxt təmsilçisinin bürünc medal qazandırdığı 15 yaşlılarından ibarət komandasından əvəzedicilərin sükanı arxasına gətirilən təcrübəli çalışdırıcı yeni işinin icrasını davam etdirir: “Bakıdakı seçim prosesində 35 futbolçunu nəzərdən keçirdik. Qusara 27 futbolçu ilə yollanırıq. Ancaq bu, o demək deyil ki, komandamızda futbolçuların sayı bu qədər olacaq. Yəni heyətimizdə dəyişiklər ola bilər. Qusardakı hazırlığımız iyulun 13-ə kimi davam edəcək. Oradakı Olimpiya Kompleksində təlim-məşq toplanışı keçəcəyik. Səhər çalışmalarımız fiziki, atletik, axşam məşqlərimiz toplu, taktiki çalışmalar üzərində olacaq. Toplu məşqlərimiz Qusar “Şahdağ”ının stadionunda olacaq. 2 yoxlama oyunu keçirəcəyik. Bunlar iyulun 6-sı və 12-si tarixlərinə nəzərdə tutulub. 17 və 19 yaşlılardan ibarət yığmalarımızın hərəsinə 4 futbolçumuz cəlb olunur”.

“İnter”i əvəzediciləri ötən mövsümü 5-ci yerdə bitirdilər. Mustafayev həm əsas komandaya futbolçu yetişdirilməsinə, həm də nəticə qazanılmasına diqqət yetirəcək: “Rəhbərliyinin etimadını doğrultmağa çalışacağam. Qarşımızda duran vəzifə əsas komandaya futbolçu hazırlamaq olacaq. Əsas məqsədimiz “İnter”in əsas komandasının oyun üslubuna uyğun futbolçu hazırlamaqdır. Ancaq təbii ki, təkcə bunu yetərli saymayıb, nəticə haqda da düşünəcəyik. Uduza-uduza getmək futbolçuların psixologiyasına mənfi təsir edir. Futbolçularda mübarizlik, qələbə ruhunu aşılamaq üçün nəticə qazanmaq lazımdır. İş prosesimizdə bütün bunların vəhdətini yaratmağa çalışacağıq”.

Qeyd edək ki, Mustafayev “Neftçi” və “Xəzər Lənkəran”ın məşqçisi kimi Azərbaycan çempionu, “Birlik kuboku”nun qalibi olub.

Mehman SÜLEYMANOV