Zohair Benouahi: “Minsk”ə qalib gələcəyimizə əminəm
30.06.2011 - 09:13
Zohair Benouahi: “Minsk”ə qalib gələcəyimizə əminəm
“Minsk”lə oyuna ciddi hazırlaşmışıq. Yalnız mərhələ keçmək haqda düşünürük”. Bu fikirləri apasport.az saytına açıqlamasında AZAL klubunun mərakeşli yarımmüdafiəçisi Zohair Benouahi deyib. Ölkəmizi Avroliqada təmsil edən Bakı təmsilçisinin legioneri Belarusun “Minsk” klubu ilə bugünkü oyunda liderlik keyfiyyətlərini göstərməyə çalışacaq. Zohairin fikrincə, ev matçına böyük ruh yüksəkliyi ilə çıxacaqlar: “Bizim çox yüksək motivasiyamız olacaq. Mən əminəm ki, yaxşı oyun göstərəcəyik. “Minsk”ə qalib gələ biləcəyimizə əminəm”.

Benouahi ölkəmizdə keçirdiyi debüt mövsümündə özünü yaxşı tərəfdən göstərdi. 24 yaşlı oyun qurucusu vurduğu qollarla AZAL-a vacib xallar qazandırdı. Mərakeşli avrokuboklarda da qol vurub, komandasına kömək etmək istəyir: “Mən demək istəmirəm ki, mütləq qol vuracağam. Əlbəttə, yenə fərqlənib, komandama kömək istəyirəm. Mən qol vurmaq üçün oynayacağam”.

Qeyd edək ki, Zohair ötən mövsüm AZAL-ın heyətində vurduğu 6 qolla litvalı bombardir Qvidas Yuşkadan sonra 2-ci ən sərrast oyunçusu oldu.

Mehman SÜLEYMANOV