Tərlan Quliyevi meydandan qovan hakim “Neftçi”nin oyununda
30.06.2011 - 10:47
Tərlan Quliyevi meydandan qovan hakim “Neftçi”nin oyununda
Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Dinamo” (Xorvatiya) – “Neftçi” (Azərbaycan) matçının hakimi Antoni Qotyenin kimliyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, noyabrın 19-da 34 yaşını qeyd edəcək fransalı 2010-cu ildən FİFA hakimidir. Bu ildən isə UEFA-nın 3-cü kateqoriyasına yüksələn Qotye bu il yarımda 8 beynəlxalq matç idarə edib. Bu görüşlərin 2-si əsas yığmaların iştirakı ilə baş tutub ki, sonuncusu Avro-2012-nin seçmə mərhələsinə təsadüf edib. Fransalı 23 gün əvvəl keçirilən İsveç – Finlandiya matçında 5:0 hesablı darmadağın qeydə alıb. Avroliqa, U-21 və U-19-ların qitə birinciliyinin seçmə mərhələlərinin hərəsində 2 dəfə meydana çıxan referi Azərbaycan üçün də tanış simadır.

O, ötən il aprelin 14-də Türkiyədə U-19-ların Avropa çempionatı 2010/11 mövsümünün elit raundunda keçirilən matçda yığmamızla tanış olub. Qotyenin idarə etdiyi Türkiyə - Azərbaycan matçında fransız 2:0 hesabını qeydə alıb. Əskişəhərdəki Atatürk stadionundakı görüşdə referi 55-ci dəqiqədə qapımıza penalti təyin edib. Elə ilk qol da bu penalti ilə vurulub. 70-ci dəqiqədə isə Tərlan Quliyevə qırmızı vərəqə göstərən hakim komandamızın müqavimətini birdəfəlik qırıb. Tərlan indi “Neftçi”nin heyətində yenidən Qotye ilə qarşılaşa bilər. Təbii ki, əgər heyətə düşərsə. Həmin yığma üzvlərindən Mirhüseyn Seyidov, Araz Abdullayev və Amit Quluzadə də “Neftçi”nin üzvləri olsa da, artıq sonuncu 2 futbolçu Avropa klublarına transfer olunub.