“Artıq avrokuboklarda qol vurmaq vaxtıdır” - MÜSAHİBƏ
30.06.2011 - 13:11
“Artıq avrokuboklarda qol vurmaq vaxtıdır” - MÜSAHİBƏ
Azərbaycanı Avroliqada təmsil edən AZAL klubunun yeni transferi Elşən Məmmədovun apasport.az saytına müsahibəsi

- Uzun müddətdir milli çempionatımızın iştirakçısı olsanız da, avrokuboklarda az oynamısınız...
- Bəli. Avrokuboklardakı oyunlarımın sayını bilirəm. 8 oyun keçirmişəm.

- Belə çıxır ki, oyunlarının statistikasını aparırsınız?
- Aparırsan deyəndə ki, oynadığım oyunları özüm bilirəm. Bunların hamısı yadımdadır. İmişlinin “MKT-Araz”, Zaqatalanın “Simurq” və Bakının “Xəzər Universiteti” klubunda oynamışam. Sonuncular “İnter” adlanana qədər İntertoto kubokunda 2 mərhələ oynamışdı və mən də bu görüşlərin iştirakçısı olmuşam. 7 oyunda əsas heyətdə, 1-də sonradan meydana çıxmışam.

- Ancaq hücumçu kimi bu oyunların heç birində qol vura bilməmisiniz...
- Doğrudur, hələ ki buna nail olmamışam.

- İndi AZAL-ın heyətində avrokuboklar iştirakçısı olacaqsınız. Axır ki, qol vura biləcəksiniz?
- İnşallah, qol vurmağın vaxtıdır. Allahın köməyi ilə “Minsk”lə elə ilk oyunda buna nail olaram. Ancaq oynayıb-oynayacağım hələ bilinmir. Baş məşqçi heyəti müəyyənləşdirir.

- Komandanızda hücumçuların sayının az olduğunu nəzərə alsaq, əsas heyətdə meydana çıxmaq şansınız yüksəkdir. Bu mənada əsas qol ümidi sizsiniz, üzərinizdə məsuliyyət var...
- Sözsüz ki, mən də qol vurmaq, etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Ola bilər ki, sırf hücumçu yox, onun arxasında hücumameylli futbolçu kimi oynadım. Baş məşqçimiz heyəti açıqlayandan sonra qərar verəcək.

- Yeni komandanızda özünüzü necə hiss edirsiniz? Əhval-ruhiyyə necədir?
- Doğrusu, kollektiv yaxşıdır. AZAL-da mübariz bir kollektiv var. Baş məşqçimiz Nazim Süleymanov hazırlıq prosesini çox güclü keçir. Onun məşqdə verdiyi tapşırıqların 90 faizini yerinə yetirmişik. İnşallah, hər şeyi oyun göstərəcək.

- Rəqib haqda nə deyə bilərsiniz?
- “Minsk” haqda məlumatımız var. Pis komanda deyil, oyununu da izləmişik. Güclü rəqibdir. İnşallah, ev oyunu olduğundan, sərfəli nəticə əldə etmək istəyirik. Bu da qələbədir.

- Hansı hesablı qələbə sizi qane edəcək?
- Bunu demək hələ tez olar. Öz meydanımızda qələbə qazanmağa çalışacağıq. Bunu çox istəyirik. İnşallah, bunun hansı hesabla olacağını oyun göstərəcək.

- Bir hücumçu kimi oyundan öncə qol vuracağınızla bağlı hissiyatınız varmı?
- Bunu indidən deyə bilmərəm. Allahın köməyi ilə qol vurmaq, udmaq istəyirəm. Ancaq bunu nail olub-olmamağım oyunda görünəcək. Qol vursam, bunu azarkeşlərimizə həsr edəcəyik.

Mehman SÜLEYMANOV