Çempionun biri də gəldi
30.06.2011 - 14:05
Çempionun biri də gəldi
Avstriyada təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran”ın düşərgəsinə daha bir yeni legioner gəlib. Apasport.az saytının məlumatına görə, komandanın rumıniyalı baş məşqçisi Mirça Rednikin bu dəfə dəvət etdiyi həmyerlisi qapıçı Emilian Dolhadır. 1,95 metr boya malik 32 yaşlı legioner Rednikin vaxtilə çalışdırdığı Buxarestin “Dinamo” klubundan gəlib. Dolha 2008-ci ildən şərəfini qoruduğu komandada 41 oyun keçirib.

Baxışa gələn Emilian 2004-cü ildən çıxış etdiyi Rumıniya millisində 2 görüşdə meydana çıxıb. O, karyerasında bütün titulları isə Buxarestin digər təmsilçisi - “Rapid”inin heyətində qazanıb. Bu, 2003-cü ildə ölkə çempionluğu, 2002 və 2006-cı illərdə ölkə kubokudur. Emilian indiyə kimi yalnız Polşada legioner həyatı yaşayıb. Bu, 2006-08-ci illərdə hərəyə bir mövsüm keçirdiyi Krakov “Visla”sı ilə “Lex”dir.

“Xəzər Lənkəran”ın əsas qapıçısı kapitanı, milli komandamızda da “1 nömrə” olan Kamran Ağayevdir. Lənkəranlılar mövsümlərarası fasilədə yeganə yerli transferi də qapıçı olub. Bu, ilk transfer, “Turan”dan gələn 26 yaşlı Kamal Bayramovdur.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın yeni transfer etdiyi legionerlərdən Marius Onofraş “Styaua”, Rikardo Qomeş Vilana “Unirea”nın heyətində Rumıniya çempionu olub.