Marius Onofraş: Bu hissləri sizə çatdırmaq üçün söz tapmıram
03.07.2011 - 15:00
Marius Onofraş: Bu hissləri sizə çatdırmaq üçün söz tapmıram
“Xəzər Lənkəran” klubunun yeni transferi, rumıniyalı futbolçu Marius Onofraşın apasport.az saytının Avstriyaya ezam olunmuş əməkdaşına müsahibəsi

- Rumıniyanın ən titullu klubu olan “Styaua”dan gedişinizə nə səbəb oldu?
- Uşaqlıqdan bu komandanın azarkeşi olmuşam, həmişə arzum “Styaua”da forma geyinmək olub. Təbii ki, sevdiyim komandada karyeramın belə alınmasına təəssüf edirəm. Bu klubun sahibi Cici Bekali ilə problemim yaranmışdı. “Unireya” klubundan “Styaua”ya birdən-birə 7 futbolçu gəldi. Həmin futbolçuların tez bir zamanda komandaya uyğunlaşması çətin idi ki, mən də onlardan biri idim. Həm də Bekali mənə oynamağa imkan vermirdi. Buna baxmayaraq, mövsümün sonlarında oynadım. Hər halda, “Styaua”da oynamaq mənim üçün böyük təcrübə oldu.

- Bəs belə bir tanınmış komandadan “Xəzər Lənkəran”a keçməyə tərəddüd etmədiniz?
- Baş məşqçi Mirça Rednik hələ qışda zəng edib, məni “Xəzər Lənkəran”da görmək istədiyini demişdi. Həmin vaxt bu təklifə müsbət yanaşmışdım. Amma onda “Styaua”da vəziyyət istədiyim kimi deyildi. Oynamaq istəyirdim, lakin imkan vermirdilər. “Xəzər Lənkəran” haqda eşitmişdim. Bilirdim ki, bu komandada Mirça Rednik çalışır, bir çox həmyerlilərim oynayır. Ümumiyyətlə, Azərbaycanda oynamış futbolçular “Xəzər Lənkəran” haqda həmişə yaxşı fikirlər söyləyirlər. Düşünürəm ki, düzgün seçim etmişəm. Həm “Xəzər Lənkəran”ın uğur qazanması, həm də Rednikin etimadını doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Tanınmış komandada oynayacağam. Azərbaycan çempionatında və kubokunda daim favoritlərdən biri olub.

- İndiyədək ancaq Rumıniya klublarında oynamısınız. 31 yaşından ilk dəfə legioner həyatı yaşayacaqsınız. Sizi buna nə vadar etdi?
- Düz deyirsiniz. Baxmayaraq ki, əvvəllər də belə təklif almışdım. Amma həmin vaxt formasını geyindiyim klubla uzunmüddətli müqaviləm vardı. Buna görə başqa komandaya keçidim baş tutmayıb. İndi Azərbaycanda legioner karyerası yaşayacağam, çalışacağam ki, yaddaqalan olsun. Əgər Rednik mənə güvənəcəksə, onun etimadını qazanmağa çalışacağam. Kim bilir, bəlkə qarşıdakı bir ili elə yüksək səviyyədə keçirəcəyəm ki, növbəti mövsümdə də “Xəzər Lənkəran”da qaldım...

- “Xəzər Lənkəran”ın ötən mövsüm əsas hücumçusu, bombardiri olan Uinston Parks da Rumıniyada oynayıb. Onu necə xatırlayırsınız? Parksın gedişindən sonra indi sizə onun əvəzləyicisi kimi baxırlar...
- Parksı Rumıniyada oynadığı vaxtdan tanıyıram, yaxşı hücumçudur. Bildiyimə görə, “Xəzər Lənkəran” üçün vacib futbolçulardan biri olub, mühüm qollar vurub. Amma mən “Xəzər Lənkəran”a onun əvəzləyicisi kimi gəlməmişəm. İstəyirəm ki, məni də Marius Onofraş kimi tanısınlar. Mənim də öz adım-sanım, titullarım var, Çempionlar Liqasında oynamışam. Ona görə də istəyirəm ki, azarkeşlər məni Parksın əvəzləyicisi kimi yox, Marius Onofraş kimi tanısınlar.

- Karyeranızda yeganə çempionluğu 3 il heyətində olduğunuz “Unireya”nın heyətində qazanmısınız. Bu komandanın heyətində Çempionlar Liqasında “Reyncers”ə gözəl qol vurmusunuz. Bunları necə xatırlayırsınız?
- Düzünü desəm, bu hissləri sizə çatdırmaq üçün söz tapmıram. Çempionlar Liqasının qrup mərhələsində oynamaq, qol vurmaq tam başqa hisslərdi. Ömrümün həmin anlarını böyük qürurla xatırlayacağam. Bilirsiniz, həmin vaxt həyat yoldaşımla problemim yaranmışdı. “Reyncers”ə vurduğum qol isə mənə ikiqat güc verdi. Həm də, hər bir futbolçu üçün Çempionlar Liqasının qrup mərhələsində oynamaq bir arzudur. Orda özünü əsl futbolçu kimi hiss edirsən. “Hayduk”, “Hamburq”, “Liverpul” kimi komandalara qarşı oynamışıq. Biz “Unireya” ilə Çempionlar Liqasının qrup mərhələsində “Sevilya”, “Ştutqart” və “Reyncers”lə mübarizə apardıq və 8 xal topladıq. Bu, Rumıniya futbolunda tarixi hadisə idi.

- İndi “Xəzər Lənkəran” Avropa Liqasında “Makkabi” ilə 2 çətin oyuna çıxacaq. Lənkəranlılar isə sizdən qol gözləyir. Yenə avrokuboklarda qol vurmaq perspektivinə necə baxırsınız?
- “Xəzər Lənkəran” azarkeşlərini yaxşı başa düşürəm. “Makkabi” ilə oyun bizim üçün çox vacibdir. Çox ciddi hazırlaşırıq. Rəqib güclü komandadadır, Çempionlar Liqasının qrup mərhələsində oynayıb. Amma bununla belə, biz də həm özümüzü, həm də azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik. Düzdür, “Makkabi” nə qədər güclü olsa da, bizim də uğur qazanmaq üçün şansımız var və bundan yararlanmağa çalışacağıq. Qol vursam əla olar, amma əsas komandamızın uğurudur.

- Amma etiraf edək ki, “Xəzər Lənkəran” keçirdiyi 3 yoxlama matçında cəmisi 1 qol vurmusunuz...
- Nəzərə alaq ki, son bir il mənim üçün çox ağır keçib. Yeni komandaya gəlmişəm, yeni ab-hava... Komandaya uyğunlaşmaq vaxt tələb edir. Düzdür, qol vurmağım mənim üçün üstünlükdür. Bilirsiz, futbolçu ömrü enişli-yoxuşlu olur. “Unireya”da oynayanda yüksəlişdə, amma “Styaua”da enişdə idim. Kim bilir, bəlkə “Xəzər Lənkəran”da daha yaxşı olacaq...