“Timişoara”nın baş məşqçisi “Neftçi” ilə oyunu dəyərləndirdi
04.07.2011 - 09:40
“Timişoara”nın baş məşqçisi “Neftçi” ilə oyunu dəyərləndirdi
"Fikrimcə, maraqlı oyun oldu. Qarşılaşma çətin keçdi. Hər halda, biz çempiona qarşı oynayırdıq". Apasport.az saytının məlumatına görə, bu sözləri Rumıniyanın “Timişoara” klubunun baş məşqçisi Duşan Uhrin deyib.

Çexiyalı mütəxəssis "Neftçi" ilə yoxlama oyunundan sonra qarşılaşma haqda fikirlərini bildirib. O, Rumıniya çempionatında 2-ci yeri tutan, lakin cəzalandırılaraq 3-cü liqaya göndərilən komandasının 0:1 hesablı məğlubiyyətinin səbəblərini açıqlayıb: "Məncə, bərabər mübarizənin şahidi olduq. Sadəcə, "Neftçi"dən fərqli olaraq, biz şanslarımızdan istifadə edə bilmədik. Komandanıza Çempionlar Liqasında uğurlar arzulayıram".

Qeyd edək ki, bu Duşan Uhrin 1993-97-ci illərdə Çexiya yığmasını çalışdıran Duşan Uhrinin oğludur. Oğlu ilə müqayisədə daha məşhur olan ata Uhrin 1996-cı ildə Avropa çempionatının finalına çıxıb. Onun komandası Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun çalışdırdığı Almaniyaya uduzaraq gümüşlə kifayətlənib.