“Nazim Süleymanovun komandada qalmasını xahiş edəcəyik”
09.07.2011 - 13:49
“Nazim Süleymanovun komandada qalmasını xahiş edəcəyik”
Avroliqada mübarizəni dayandıran Bakının AZAL klubunun kapitanı Aqil Nəbiyevin apasport.az saytının Minskə ezam olunmuş əməkdaşına müsahibəsi

- “Minsk” klubunu keçə bilməməyinizi nə ilə izah edərdiniz?
- Vallah, hələ də özümə gələ bilməmişəm. Mən belə oyun gözləmirdim.

- Müdafiədə çox zəif oynadınız. Artıq oyunun əvvəlində dalbadal 2 qol buraxdınız. Bunun səbəbi nə oldu?
- Nə deyim, vallah? İlk oyunda da belə olmuşdu, erkən qol buraxdıq. Bu dəfə 11-ci dəqiqədə hesabda 0:2 geridə idik. Hər şeyi tək müdafiənin boynuna atmaq olmaz. Komanda belə başlanğıcdan özünə gələ bilmədi. 10 nəfərlə qalmağımıza baxmayaraq, çalışdıq.

- Maraqlıdır ki, onda daha yaxşı təsir bağışlayaraq, qol da vurdunuz...
- Doğrudan müdafiəçimiz Usim Ndukaya qırmızı vərəqə göstəriləndən sonra pis təsir bağışlamadıq. Ancaq bizə lazım olan qolu vurub, növbəti mərhələyə çıxa bilmədik.

- Buna imkanınız var idi...
- Bəli. İstər-istəməz rəqibin də qol imkanları olurdu. Biz 10 nəfərlə qalandan sonra müdafiə açıldı.

- Ndukaya göstərilən qırmızı vərəqəni düzgün sayırsınız?
- Yox. Həmin epizoda mən də yaxın idim. Qırmızı vərəqə çox ağır qərar idi. Ümumiyyətlə, bolqar hakimin yerli komandaya simpatiyası çox idi. Açığı, bu məğlubiyyətə görə çox məyusam. Demək olar ki, danışmağa söz tapmıram. Baş məşqçimiz də istefa verib.

- Baş məşqçiniz Nazim Süleymanovun Minskdə oyundan dərhal sonra istefasını necə qarşıladınız?
- Nazim müəllim oyundan sonra paltardəyişmə otağına girərək, qərarını dedi. Hamımız çox pis olduq. Biz Süleymanovun gedişini istəməzdik. Futbolda belə hallar olur. Hələ görək nə olacaq. Rəhbərlik baş məşqçinin qərarını necə qəbul edəcək.

- Prezidentiniz Vaqif Qasımov bizə müsahibəsində istefanı qəbul edəcəklərini bildirdi. O, əsas günahı baş məşqçidə görür...
- Vaqif müəllim prezidentimizdir. Onun fikrinə hörmətlə yanaşıram. Ancaq ümumiyyətlə, belə götürəndə yalnız baş məşqçini günahlandırmaq olmazdı.

- Bir kapitan kimi rəhbərliyi Süleymanovun postunda saxlanılması ilə bağlı müraciət edə bilərsiniz?
- Nəinki mən, bütün legionerlərimiz, yerli futbolçuların hamısı baş məşqçinin qalmağını istədiklərini rəhbərliyə demək fikrindədirlər. Komanda yoldaşlarımın hamısı məni yaxınlaşıb deyir ki, baş məşqçinin qalmasını xahiş etmək istəyirik.

- Süleymanov oyundan sonra mətbuat konfransında bütün günahı öz üzərinə götürərək, istefa verdiyini açıqladı. Bəlkə əsas günah onda yox, futbolçulardadır?
- Nazim müəllim məğlubiyyətə görə bütün məsuliyyəti öz üzərinə götürdü. Hesab edirəm ki, günahı tək məşqçinin üzərinə atmaq düzgün deyil. Burda hamımızın səhvi var.

- Süleymanov hələ ilk oyun öncəsi “Minsk”ə keçməsək, gedəcəyini demişdi. Bu mənada onun istefası gözlənilən idi...
- Mən bunu bilirəm. Əlbəttə, hamımız istəyirdik ki, Minskdə qələbə qazanaq və baş məşqçimiz qalsın. Ancaq bu, olmadı. Sözün açığı, buna görə çox məyusam.

- Qasımov Süleymanovun heyəti düzgün müəyyənləşdirməyi, bəzi futbolçuları düzgün mövqedə oynatmadığını, komandanın oyun sistemini pozduğunun dedi...
- Ola bilər. Baş məşqçinin fikirlərinə hörmətlə yanaşıram.

- Sizcə, komandanızın yeni baş məşqçisi yerli, yoxsa əcnəbi mütəxəssis olmalıdır? Prezidentiniz öz məşqçimizin olmasının tərəfdarıdır...
- Bizim prezident, sponsor da ancaq yerli məşqçi istəyir. Mən bununla razıyam. Fikrimcə, əcnəbi məşqçini gətirmək düzgün olmazdı. Ancaq komandamızı kimin çalışdıracağı hələ dəqiq bilinmir.

- Növbəti mövsümə çox az qalıb. Yeni baş məşqçi gələcək, hər şeyi yenidən başlayacaqsınız, çətin olacaq...
- Razıyam. Çox çətin olacaq.

- Buna görə Süleymanovun qalmasını istəyirsiniz?
- Əlbəttə. O, komanda ilə 1 il ay bir yerdədir. Kollektiv Nazim müəllimə öyrəşib. Belə götürəndə, komandamız ötən mövsüm pis təsir bağışlamadı. 4-cü yeri tutduq və fikrimcə, yaxşı çıxış etdik. Süleymanovun qurduğu komandası pis deyildi.

- “Minsk” keçiləsi rəqib idi. Belə demək olar ki, bu, karyeranızda ən böyük uğursuzluqlarınızdan biri idi?
- Əlbəttə. “Minsk” keçiləsi rəqib olsa da, ona qalib gələ bilmədik. Buna və bir sıra şeylərə görə çox məyusam.

- Azarkeşləriniz qarşısına çıxmaq çətin olacaq...
- Bu, utandırıcı deyil. Belə götürəndə futbolda hər şey olur. Oyunlara lazımınca hazırlıq keçə, yoxlama oyunları keçirə bilmədik. Hər şey göz qabağında oldu.

Mehman SÜLEYMANOV