Kamal Bayramov: Kamran Ağayevin də öyrənməli olduğu nəsə var
10.07.2011 - 14:10
Kamal Bayramov: Kamran Ağayevin də öyrənməli olduğu nəsə var
“Xəzər Lənkəran” klubunun mövsümlərarası fasilədə ilk yerli transferi olan qapıçı Kamal Bayramovun apasport.az saytına müsahibəsi

- Sizin “Xəzər Lənkəran”a transferiniz hələ yanvarda gündəmdə idi. Həmin vaxt cənub təmsilçisinə keçidinizə nə mane oldu?
- Onda “Turan”ın vəziyyəti gərgin idi. Çətin vəziyyətdə olan komandadan ayrılmaq düzgün olmazdı. Bundan başqa, “Turan” və “Xəzər Lənkəran” rəhbərliyi pul məsələsində anlaşa bilmədilər.

- Yayılan qeyri-rəsmi məlumatlara görə, “Turan” rəhbərliyi həmin vaxt “Xəzər Lənkəran”a keçidiniz üçün böyük məbləğ - 200 min dollar istəyirdi...
- Xeyr, 200 min dollardan az idi.

- Konkret həmin məbləğin miqdarını açıqlaya bilərsiniz?
- Təəssüf ki, yox.

- “Turan”ın vəziyyəti son illər həmişə ağır olub. Maraqlıdır, niyə yanvarda deyil, məhz indi gəldiniz “Xəzər Lənkəran”a?
- Biz “Turan”ın Premyer Liqada qalması üçün əlimizdən gələni etdik. Artıq komandanın aşağı dəstəyə düşməyəcəyi rəsmiləşəndən sonra getmək qərarımı qətiləşdirdim.

- Ağır günlərində “Turan”a dayaq olan tovuzlu futbolçuların əksəriyyəti rəhbərlikdən narazı qaldıqlarını dilə gətirirlər...
- Mənim heç kimdən narazılığım yoxdur. Səmimi deyirəm, daha yaxşı nəticə qazanmaq üçün rəhbərlik əlindən gələni etdi. Yəni, imkanları ola-ola komanda üçün nəsə etməsələr, bunu danmazdım. Klub prezidenti Musa Süleymanov tək qalmışdı, öz imkanları hesabına komandanın uğur qazanmasına çalışırdı. Lazımi şərait yaratdı, yeni transferlər etdi. “Turan”ın çörəyini yemişəm, az-çox o komandada mənim də əziyyətim olub. Komandadan ayrılanda da rəhbərliklə halallaşıb getmişəm. Baxmayaraq ki, “Turan”la müqaviləm artıq başa çatmışdı.

- Bəs sizi komandada saxlamağa cəhd etmədilər?
- Orda bir idman direktoru var. Çempionat başa çatandan sonra dedi ki, Musa müəllim sənin komandada qalmağını istəyir. Amma razılaşmadım.

- “Turan”ın elitada qalmasında xidmətləri olan Naci Şensoy birdən-birə istefaya göndərildi. Komandanın aparıcı futbolçuların biri kimi, bəlkə türkiyəli məşqçinin qovulmasının əsl səbəblərini siz deyəsiniz...
- Onun rəhbərliklə arasındakı münasibət haqda nəsə deməyə çətinlik çəkirəm. Düzdür, Şensoy komandaya kömək etdi. Naci bəy gələnədək, “Turan” autsayderlər sırasında qərarlaşmışdı, “Simurq”la xalları təxminən eyni idi. Onun gəlişindən sonra qələbələr qazandıq ki, bunun da komandanın elitada qalmasında böyük rolu oldu. İstefasına səbəbə gəlincə, fikrimcə, onun rəhbərliklə arasında yaranan problem və ardıcıl 4-5 oyunda məğlubiyyətin də təsiri vardı.

- Son mövsümün yarısını Şensoyun rəhbərliyi altında oynadınız. Həqiqətənmi, türk çalışdırıcı futbolçuları təhqir edirdi?
- Adamın üstündə Allah var, gərək düz danışasan. Mən Şensoyun futbolçuları söyməsini eşitməmişəm.

- Bəs sabiq və indiki komandanız haqda hansı müqayisə apara bilərsiniz?
- “Turan”la “Xəzər Lənkəran” arasında çox böyük müqayisə aparmaq olar. “Turan” köklü komanda olsa da, maddi vəziyyəti ağırdır. Burdakı peşəkarlıq isə göz qabağındadır. Komandanın məşqi, geyimi, yaşadığı şərait hamısı yüksək səviyyədədir. Məsələn, bu sadaladıqlarım “Turan”da mövcud deyildi. 2 il Tovuzda oynadım, çox əziyyət çəkdim. Geyim məsələsində, məşqdə peşəkarlıq yox idi.

- Yeni komandanın toplanışı necə keçir?
- Bu kluba yeni gəldiyim üçün ilk günlər sıxıntı keçirdim, mənim üçün çətin idi. Amma hazırda belə bir problemim yoxdur. Komandada ab-hava yüksəkdir, hamı canla-başla Avropa Liqasında “Makkabi” ilə görüşə hazırlaşır. Hamımız, ölkəmizin adını uca tutmaq üçün İsraildəki oyunda yaxşı nəticə qazanmağa çalışırıq.

- Toplanış çərçivəsində komandaya 2 legioner qapıçı baxışa gəlmişdi. Özü də Emilian Dolha və Adrian Vlas vaxtilə Rumıniya millisinin də şərəfini qoruyublar. Necə fikirləşirsiniz, onlar rəqabətdə sizə uduzdu deyə geri qaytarıldı, yoxsa?
- Bu haqda, məndən daha yaxşı məşqçilər fikir söyləyə bilərlər. 2-3 oyunla qapıçıya qiymət vermək düzgün olmazdı. Yəqin ki, məşqçiləri qane etməyi üçün düşərgədən uzaqlaşdırdılar.

- “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev həm Azərbaycan yığmasının əsas çərçivə qoruyucusu sayılır. Özünü onunla rəqabətə hazır sayırsınız?
- Mən rəqabəti sevdiyim üçün heç nədən çəkinmirəm.

- Bəs Kamran Ağayevdən öyrəniləsi nəsə varmı?
- Əlbəttə var. Düşünürəm ki, ondan da nəsə öyrənmək olar, amma Kamranın da öyrənməli olduğu nəsə var.

- Komandanız artıq iştirak ərizəsini UEFA göndərib ki, orda da sizin adınız ikinci qapıçı kimi göstərilib. Avroliqada debüt etmək şansına necə baxırsan?
- Səmimi deyirəm, çoxları düşünə bilər ki, Kamal belə nüfuzlu yarışda oynamayıb, təcrübəsizdi və s. Amma mən tam hazıram.

- Amma “İngloştad”la yoldaşlıq görüşündə kobud səhviniz qolla nəticələndi...
- İlk oyunlarda belə səhvlər olur. İstər-istəməz sıxıntı keçirirsən. Amma yoldaşlıq görüşü ilə rəsmi oyun arasında böyük fərq var.