“Xəzər Lənkəran”ın yeni transferlərinin sabiq komandası dağıldı
11.07.2011 - 08:44
“Xəzər Lənkəran”ın yeni transferlərinin sabiq komandası dağıldı
Rumıniya çempionu olan “Unireya” klubu dağılıb. Apasport.az saytının məlumatına görə, 2009-cu ildə ölkə çempionluğunu qazanan komanda onun sahibi Dumitru Bukşarunun qərarı ilə fəaliyyətini dayandırıb. Onun belə qərar qəbul etməsinə səbəb maliyyə problemləri olub.

Əvvəl belə məlumat verilirdi ki, Urziçeni şəhərini təmsil edən komanda Rumıniya Futbol Federasiyasının qərarı ilə gələn mövsüm bütün turnirlərdə iştirakdan kənarlaşdırılıb. Buna səbəb klubunun bütün futbolçular və işçilər qarşısında maliyyə öhdəliklərini yerinə yetirməməyi, habelə iqtisadi təminatı verməməyidir. İndiyə kimi bir dəfə - çempion olduğu 2009-cu ildə Çempionlar Liqasının (ÇL) qrup mərhələsində iştirak edən “Unireya” növbəti mərhələyə çıxa bilməyib. Komandanın ölkə daxilində digər uğuru ötən çempionatın gümüş medalını qazanması, 2008-ci ildə isə kubokun finalçısı olmasıdır.

Qeyd edək ki, “Unireya” ölkəmizi Avroliqada təmsil edən “Xəzər Lənkəran”ın yeni transferləri – braziliyalı müdafiəçi Eder Joze de Oliveyra Bonfimlə rumıniyalı hücumçu Marius Onofraşın sabiq komandasıdır. Onların hər ikisi 2 il öncə bu komandanın heyətində ÇL-in qrup mərhələsində iştirak ediblər.