“Turan” xorvatiyalı qapıçı ilə müqavilə imzalayır
11.07.2011 - 12:30
“Turan” xorvatiyalı qapıçı ilə müqavilə imzalayır
Yeni mövsümə Tovuzda hazırlaşan “Turan” ikitərəfli oyun keçirib. Apasport.az saytının məlumatına görə, bununla da hazırlığın birinci mərhələsinin yekunlaşdıran əyalət təmsilçisi istirahətə buraxılıb. İyulun 13-də bir araya gələcək Əsgər Abdullayevin yetirmələri 3 gün sonra Gürcüstana yola düşəcək. Komanda Tbilisidə məskunlaşacaq. Plana əsasən Premyer Liqa təmsilçisi qonşu ölkədə 4 yoldaşlıq oyununda gücünü sınayacaq. Artıq oyunların keçirilmə tarixi müəyyənləşib. “Turan” rəqibləri ilə iyulun 17-də, 20-də, 23-də və 26-da qarşılaşacaq. Sparrinq-rəqiblərin adları hələ dəqiqləşməyib.

Bu arada Kamal Bayramovun “Xəzər Lənkəran”a keçməsindən sonra qapıçı axtarışlarını davam etdirən əyalət təmsilçisi ötən mövsümü “Simurq”un heyətində keçirən xorvatiyalı qapıçı Adnan Hodziçlə anlaşıb. Tərəflər arasında ilkin razılıq əldə edilib. Futbolçu birbaşa Tbilisiyə gələcək və komandasının hazırlığına orda qoşulacaq.