Samir Əliyev: Nə maraqlanan var, nə də təklif göndərən
11.07.2011 - 17:20
Samir Əliyev: Nə maraqlanan var, nə də təklif göndərən
“Transferlə bağlı heç bir yenilik yoxdur. Nə maraqlanan var, nə də təklif göndərən”. Bu sözləri apasport.az saytına açıqlamasında son mövsümü “Simurq”un heyətində keçirən Samir Əliyev deyib.

Mövsüm başa çatdıqdan sonra klubla müqaviləsi bitən təcrübəli hücumçu özünə yeni komanda axtarsa da, hələ heç bir nəticə əldə edilməyib. Hazırda işsiz olan futbolçu formasını saxlamaq üçün fərdi məşqlər edir. Klublarımızın avrokuboklardakı oyunlarını izləyən futbolçu onların çıxışı dəyərləndirdi. Əliyevin fikrincə, “Qarabağ” ikinci mərhələni də rahat keçəcək: “Qarabağ”ın ikinci mərhələni də keçəcəyinə inanıram. Həm də onların bəxti gətirdi. Deyəsən, üçüncü mərhələdə ortabab komanda yoxdur. Ancaq inanmaq və sona qədər mübarizə aparmaq lazımdır”.

Digər təmsilçilərimiz haqda danışarkən futbolçu AZAL-ın oyunundan razı qaldığını vurğulayıb: “Məncə, AZAL təcrübəsizlikdən mübarizəni dayandırmalı oldu. Hər iki oyunlarını izlədim. Bakıda pis oynamadılar. Əslində, burda qələbə qazanmalı idilər. Səfərdə isə erkən qol buraxdılar. Sonradan toparlansalar da, istədikləri nəticəni qazana bilmədilər”.

“Neftçi” və “Xəzər Lənkəran”ın qismətinə güclü rəqiblərin düşdüyünü də qeyd edən hücumçu təmsilçilərimizi ruhdan düşməməyə çağırdı: “Xəzər Lənkəran” və “Neftçi” güclü rəqiblərlə qarşılaşacaq. Ancaq bizim komadalar da zəif deyillər. Mübarizə aparacaqlarına inanıram”.