“Neftçi”nin Avropaya qayıdışı çətin sınaqla başlayır
12.07.2011 - 11:53
“Neftçi”nin Avropaya qayıdışı çətin sınaqla başlayır
Sabah Azərbaycan Çempionlar Liqasında (ÇL) növbəti mövsümdə debüt edəcək. Apasport.az saytının məlumatına görə, Avropanın ən nüfuzlu turnirində təmsilçimiz olan Bakının “Neftçi” klubu çətin sınaq qarşındadır. Arif Əsədovun çalışdırdığı komandamız Zaqreb “Dinamo”su kimi güclü rəqiblə səfər oyununa çıxacaq.

Bu, “Neftçi”nin 3 illik fasilədən sonra Avropa səhnəsinə qayıdışı olacaq. Ötən 2 mövsümdə qitə miqyaslı turnirdən kənarda qalan “ağ-qaralar” sonuncu dəfə 2008-ci ilin yayında İntertoto kubokunda iştirak edib. Həmin vaxt “Neftçi” bu turnirdə uğurlu çıxışı ilə diqqət çəkərək, tarix yazdı. Belə ki, 1994-cü ildən başlayan avrokuboklar tariximizdə ilk dəfə məhz onda 2 mərhələ keçdik. Flaqman Rumıniyanın “Vaslui” klubunu (evdə 2:1, səfərdə 0:2) keçə bilməyərək, İntertotonun qalibi kimi o vaxt UEFA kuboku adlanan turnirə çıxmağa müvəffəq olmadı.

“Neftçi”nin budəfəki rəqibi bizə “Xəzər Lənkəran”la oyunlardan yaxşı tanışdır. Belə ki, zaqreblilər 2007-ci ildə Çempionlar Liqasında lənkəranlılar görüşərək, hər 2 oyunda 1:1 hesablı bərabərliyə qaldı və evdəki cavab görüşünün əlavə 30 dəqiqəsində 2 qol vurmaqla, növbəti mərhələyə çıxdı. Ötən mövsüm Avroliqanın qrup mərhələsinin iştirakçısı olan “Dinamo” bu dəfə ÇL-in qrupuna düşməyə iddialıdır.

Təbii ki, “Neftçi” Avropaya qayıdışı ilə azarkeşlərini sevindirməyə çalışacaq. Bu mənada qələbəni nə qədər çox arzulasaq da, Xorvatiya paytaxtında bərabərlik də yaxşı nəticə sayılmalıdır. Hər halda, “Dinamo”ya anşlaqın olacağı “Maksimir” stadionunda qalib gəlmək çətindir. “Neftçi”nin çətin səfər oyununda yeganə transferi olan qapıçı Saşa Stamenkoviçə böyük ümidlər bəsləyirik. Axı qapıçı komandanın yarısı sayılır və “Srvena Zvezda” klubu güclü klubdan gələn Stamenkoviçin həm təcrübəsinin böyük olması, həm də qonşuları olan xorvatları yaxşı tanıması işinə yaramalıdır. Serbiya ilə Xorvatiya ilə münasibətləri nəzərə alsaq, Saşa üçün Zaqrebdəki görüş prinsipial sayılmalıdır.

Əsədovun yetirmələri vətənə münasib nəticə ilə qayıdarsa, mərhələ keçmək şanslarını artıracaq. Bu, reallaşacağı halda isə çempionumuz ən azı 4 oyun qarantiya edəcək. Məsələ ondadır ki, ÇL-in III təsnifat mərhələsinə çıxan komanda orda mübarizəni dayandırsa belə, avrokuboklardan kənarda qalmayacaq. Bu, onun mübarizəni Avroliqada, özü də son təsnifat mərhələsində aparmasına imkan verir. O isə həmin turnirin qrup mərhələsinin bir addımlığıdır.

Qeyd edək ki, Bakı vaxtilə saat 23:00-da başlayacaq “Dinamo” – “Neftçi” oyununu 34 yaşlı Antoni Qotyenin başçılıq etdiyi fransalı hakimlər idarə edəcək.

Mehman SÜLEYMANOV