“Hazırda bir neçə məşqçi ilə danışıq aparırıq” - MÜSAHİBƏ
12.07.2011 - 15:47
“Hazırda bir neçə məşqçi ilə danışıq aparırıq” - MÜSAHİBƏ
Azərbaycan Premyer Liqasının növbəti mövsümündə çıxış edəcək “Sumqayıt Şəhər” klubunun prezidenti Kamran Quliyevin müsahibəsi

- Əvvəlcə, Unibank Premyer Liqasında iştirak edəcəyi dəqiqləşən “Sumqayıt Şəhər” komandası haqda qısaca məlumat verməyinizi istərdik...
- Bildiyiniz kimi, bu klub 2010-cu ildə yaranıb. İlk mövsümdə I divizionda iştirak edib. Yeni mövsümün ərəfəsində klubumuz bütün hüquqi amillərə əsaslanaraq Unibank Premyer Liqasında çıxış etmək üçün PFL və AFFA-ya müraciət etdi.

- Klub rəhbərliyi olaraq bu günədək nə kimi işlər görmüşsünüz?
- İlk öncə qeyd etmək istərdim ki, Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı” imzalanması bu idman növünün də dinamik inkişafına hərtərəfli zəmin yaradır. Biz də klub olaraq Dövlət Proqramında qeyd olunan bütün müddəaların həyata keçirilməsinə çalışacağıq. Artıq qısa vaxt ərzində 25-dən çox futbolçu baxışdan keçib. Çempionatın başlamasına 1 ay vaxt var. Daha bir neçə futbolçu da baxışa gələcək. İyul ayının sonunda klubun rəsmi internet səhifəsi fəaliyyətə başlayacaq. Klub haqqında geniş və ətraflı məlumatlar operativ olaraq burada yerləşdiriləcək. Artıq “FACEBOOK” sosial şəbəkəsində səhifəmiz yaradılıb. Bütün azarkeşlərimizdən həmin səhifəyə üzv olmalarını xahiş edirik.
Bildiyiniz kimi, klubumuzun baş sponsoru “Azərikimya” İstehsalat Birliyidir. Bununla yanaşı, yaxın günlərdə müəyyən şirkətlərlə sponsorluq məsələlərini də müzakirə edəcəyik. Kommersiya sirri olduğundan ad çəkmək istəmirəm. Azərbaycanın müxtəlif bölgələrində klubu tanıtdırmaq üçün müvafiq layihələr nəzərdə tutulub. Hazırda bütün gücü əsas, əvəzedici və aşağı yaş qrupu üzrə komandaların qurulmasına yönəltmişik.

- “Sumqayıt Şəhər” klubu bu gün necə formalaşıb ?
- Bildiyiniz kimi, artıq komandaya baş məşqçi Bernhard Raab təyin olunub. Onun köməkçiləri Təbriz Həsənov, Aslan Kərimov (oynayan məşqçi) və qapıçılar üzrə Etibar Tarıverdiyev olacaq. U-21-in bir neçə üzvü artıq klubumuza dəvət olunub. Onlar hazırda baxışdadırlar, ancaq bir neçəsi ilə artıq müqavilə imzalanıb. Misal üçün, U-21-in üzvü olan Eşqin Quliyev, Emin Mustafayev, Orxan Həsənov və əsas yığmamızın qapıçısı Andriy Popoviç kimi oyunçular digər klublardan icarə müqaviləsi əsasında bizə qoşulub. Bəzi futbolçularla isə birbaşa müqavilələr imzalanıb. Bunlardan biri də Rusiya U-17 yığmasının sabiq kapitanı, hazırda Azərbaycan U-19-nun şərəfini qoruyan Samir Yusifovdur. Son vaxtlar U-17 milli komandasının uğurlarını nəzərə alaraq qərara gəldik ki, Rusiya klublarında çıxış edən əslən azərbaycanlı futbolçuları da komandamıza cəlb edək. Misal üçün, Ruslan Nəsirli, Orxan Əliyev, Şamil Camaləddinov, Ruslan Əsgərov və David Qarayevi qeyd edə bilərəm.
Bunu da qeyd etmək lazımdır ki, Sumqayıt gənclər şəhəridir. Biz də istəyirik ki, komandamız əsasən gənclərdən təşkil olunsun. Onlarla yanaşı, təcrübəli futbolçuların da xidmətindən yararlanmaq niyyətimiz var. Fikrimizcə, Samir Abasov, Aslan Kərimov, Aqil Məmmədov kimi təcrübəli futbolçularla gənclərin sintezindən yaranan komanda yaxşı nəticələr əldə edəcək.

- Komandanın təqdimetmə mərasimi nə vaxta nəzərdə tutulub?
- Unibank Premyer Liqasının startına bir neçə gün qalmış komandanı ictimaiyyətə təqdim etməyi nəzərdə tutmuşuq.

- Unibank Premyer Liqasında çıxış etməyin əsas tələblərindən biri də, aşağı yaş qrupu üzrə komandaların olmasıdır. Misal üçün, U-13, U-15, U-17 və əvəzedici heyət... Bu məsələlər nə yerdədir?
- Aşağı yaş qrupu üzrə komandaları yaratmaq bizim əsas vəzifələrimizdən biridir. Bu yaxınlarda yeni məşqçi heyəti formalaşdıracağıq. Həmçinin yaxın günlərdə Sumqayıtda seleksiya günü təşkil olunacaq. Aşağı yaş qrupları üzrə komandalara uşaqlar seçəcəyik. Əvəzedici komanda yaradılacaq. Hazırda bir neçə məşqçi ilə danışıqlar aparırıq. Yaxın günlərdə onların adları ictimaiyyətə açıqlanacaq.
Əvəzedici heyətimiz əsasən 1994-1995-ci il təvəllüdlü yeniyetmələrdən ibarət olacaq. Onlar özlərindən 1-2 yaş böyük olan futbolçularla rəqabət aparacaqlar. Çalışacağıq ki, həm Unibank Premyer Liqasında çıxış edəcək komandamızın, həm də əvəzedicilərimizin orta yaş həddini digərlərindən aşağı olsun. Sumqayıtda istedadlı uşaqlar az deyil. Bu şəhər ölkə futboluna kifayət qədər adlı-sanlı futbolçular bəxş edib. İnanıram ki, gələcəkdə “Sumqayıt Şəhər” futbol komandasında əsasən sumqayıtlılar təmsil olunacaqlar.

- Son vaxtlar ölkəmizdə qadın futboluna da böyük diqqət yetirilir. Bununla bağlı klubunuzda hansı işlərin görülməsi nəzərdə tutulur?
- Bildiyiniz kimi, FİFA 2012-ci ildə 17 yaşadək qızlar arasında Dünya çempionatının ölkəmizdə keçirilməsi ilə bağlı verdiyi qərar futbol ictimaiyyətini həm sevindirdi, həm də ölkəmizdə qadın futbolunun inkişafının sürətləndirilməsində böyük rol oynadı. Dünya çempionatına ev sahiblik edən ölkə olaraq, bu yarışda milli komandamızın uğurlu nəticə əldə etməsi üçün hamımızın əməyi çox vacibdir. Keçən il AFFA tərəfindən UNİCEF U-16 qızlar liqasına start verilib. Şəhərimizin komandası da bu yarışda iştirak edib. Bütün bunları nəzərə alaraq, bu ildən başlayaraq 2 yaş qrupu üzrə qızlardan ibarət komandanı yaratmağı, gələcəkdə isə həmin komandaları Sumqayıtın Uşaq Futbol Akademiyasına daxil edilməsini nəzərdə tutmuşuq. İnanmaq istərdik ki, bu addım digər klublarda da qadın futboluna diqqətin artırılmasına səbəb olacaq.

- Komandanın toplanışı barədə nə deyə bilərsiniz ?
- Komanda bir neçə gün idi “Dalğa Arena”da məşq edirdi. İyulun 11-dən 25-dək isə Avstriyanın Tirol şəhərində toplanışda olacaq. Bir neçə yoxlama görüşündə qüvvəmizi sınayacağıq. Hələlik oyunların tarixləri məlum deyil. Təlim-məşq toplanışı zamanı mən də hazırlığın necə getməsi ilə yaxından maraqlanacağam.

- Sumqayıt futbol ənənələri olan şəhərdir. Necə düşünürsünüz, komandanın əvvəlki şan-şöhrətini geri qaytara biləcəksinizmi?
- Sumqayıtda futbol ənənələrini bərpa etməyə və tərəqqisinə nail olmağa çalışırıq. Bununla yanaşı yerli futbolçulara daha çox üstünlük verməklə aşağı yaş qruplarından ibarət yığma komandaların futbolçularının oyun təcrübələrinin, fiziki və taktiki hazırlıqlarının artırılması üçün onlara geniş şərait yaradacağıq. Sumqayıtlı futbolsevərlərə səslənərək deyirəm ki, komandamızı dəstəkləsinlər. Çünki futbolçuların azarkeşlərə böyük ehtiyacı var.

- Şəhərin veteranlarının xidmətindən istifadə edəcəksinizmi ?
- Aşağı yaş qrupu üzrə komandalara seçim edəndə çalışacağıq ki, yerli məşqçilərə üstünlük verək. Sumqayıtda yaşayan və AFFA tərəfindən lisenziyası almış məşqçilərlə danışıqlar aparırıq. Çalışırıq ki, bu məşqçiləri gənc futbolçuları yetişdirmək üçün işlərə cəlb edək.

- “Sumqayıt Şəhər” çempionatımızın liderləri “Neftçi”, “Xəzər Lənkəran”, “Qarabağ” kimi komandalarla başabaş mübarizə apara biləcəkmi?
- Komandanın qarşısına hansı məqsədin qoyulması məsələsi hələ müzakirə olunmayıb. Heyətimiz tam formalaşandan sonra bu barədə qərar verəcəyik. Özünüz də yaxşı bilirsiniz ki, cəmi 2 həftə əvvəl Unibank Premyer Liqasında çıxış edəcəyimizi bilmişik. Amma buna baxmayaraq tam əminliklə deyə bilərəm ki, komandamız hər oyunda mübarizə aparmaq üçün meydana çıxacaq.

- Unibank Premyer Liqasının başlamasına 1 ay vaxt qalıb. Hazırda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təmir işləri aparılır. Oyunlarınızı harada keçirəcəyiniz müəyyənləşibmi?
- Oyunlarımızı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirəcəyik. Hazırda həmin stadionda müəyyən təmir işləri aparılır. Məşqlərimizi keçmək üçün isə müəyyən arenalarla danışıqlar aparırıq.

- Sumqayıtlı azarkeşləri əsas maraqlandıran suallardan biri də stadionda nə kimi dəyişikliklərin ediləcəyidir...
- Hazırda paltardəyişmə otaqları təmir olunur. Ondan əlavə, müəyyən qurğular yeniləri ilə əvəzlənəcək. Stadionun əsaslı təmiri üçün digər vəsaitlər lazımdır. Bu barədə müraciət etmişik. İnanıram ki, bu məsələyə də müsbət baxılacaq. Komandamızın həm məşq bazası ilə, həm də stadionla təmin olunmağı nəzərdə tutulub. Stadionun qazonunu dəyişdirmək məsələsinə gəlincə, hələlik belə bir planımız yoxdur. Komandamız oyunlarını təbii örtüklü meydançada keçirəcək.

- Sumqayıtlı azarkeşlərə nə demək istəyərdiniz?
- Komandanın uğur qazanması üçün azarkeş dəstəyinə ehtiyac duyulur. Özümüzü sumqayıtlı kimi hiss edərək, onları komandamıza daim dəstək olmağa çağırıram. Fanatlarla əlaqələrimizi gücləndirməyi də nəzərdə tutmuşuq. Komandamıza dəstək olmaq üçün onlara lazımi şərait yaratmağa çalışacağıq. Hətta gələcəkdə üzvlük sistemini də tətbiq etmək niyyətimiz var. Bu üzvlük sistemi azarkeşlərə bir neçə əlavə üstünlük verəcək.
Bununla yanaşı fəaliyyətimizi AFFA-nın əsas prioritetinə (kütləvilik, infrastruktur və təhsil) uyğun quraraq Sumqayıtda da futbolun kompleks şəkildə inkişaf etdirilməsinə çalışacağıq. İnanırıq ki, başladığımız bu layihənin yaxın gələcəkdə bəhrəsini görəcəyik.