“Qarabağ” bizim üçün uğursuz hakimin seriyasını qırmalıdır
12.07.2011 - 17:52
“Qarabağ” bizim üçün uğursuz hakimin seriyasını qırmalıdır
Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək “Streymur” (Farer adaları) – “Qarabağ” (Azərbaycan) oyununu idarə edəcək hakimin kimliyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, uelsli hakim Mark Uitbi zəngin təcrübəsi ilə öyünə bilər.

Belə ki, Suonsi şəhərindən olan hakim 1987-ci ildən oyun idarəçiliyinə başlayıb. 24 illik təcrübəyə malik Uitbi 2003-cü ildən FİFA hakimi kimi fəaliyyət göstərir. Britaniyalının əsas hobbisi üzgüçülükdür. Farer adalarında təkcə oyun idarə etməklə kifayətlənməyib, həm də okeana baş vurmağa cəhd edəcək Uitbi Azərbaycan futbolçularına da tanışdır.

O, 2005-ci ilin payızında 19 yaşadək futbolçulardan arasında Avropa çempionatının seçmə mərhələsinin Azərbaycan yığmasının mübarizə apardığı qrupunun oyunlarına təyinat alıb. Uelsli sentyabrın 27-də Portuqaliya ilə görüşdə millimizin biabırçı məğlubiyyətini qeydə alıb – 1:5. Oktyabrın 2-də isə Finlandiya yığması Böyükağa Ağayevin yetirmələrini məyus edib – 1?2.

2008-ci il iyulun 17-də isə UEFA kubokunda “Olimpik”in Serbiyada “Voyvodina” ilə qarşılaşmasında da məhz Uitbi fit çalıb. O, 3-cü matçında da təmsilçimizə uğursuzluq gətirib – 0:1. Həmin vaxt Novi-Sadda onun köməkçiləri olan yan xətt hakimləri Brayan Ceyms və Filip Tomas yenə Uitbi ilə birlikdə olacaq. Lakin bu dəfə Ceyms 4-cü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, Uitbi 3 matçda futbolçularımıza 6, rəqiblərə 3 sari vərəqə göstərib.