Arif Əsədov: Rəqibin kimliyindən asılı olmayaraq mərhələ keçməliyik
13.07.2011 - 10:18
Arif Əsədov: Rəqibin kimliyindən asılı olmayaraq mərhələ keçməliyik
“Belə şeylər futbolda çox olur və bizə də çox güclü rəqib düşdü. Biz qarşımıza rəqibin kimliyindən asılı olmayaraq mərhələ keçmək vəzifəsi qoymuşuq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.

41 yaşlı mütəxəssis Çempionlar Liqasının II təsnifat mərhələsinin Xorvatiya “Dinamo” ilə ilk oyunu ərəfəsində keçirilən mətbuat konfransında matç haqda fikirlərini açıqlayıb: “Püşkdə bizə “Dinamo”nun düşməsindən sonra da məqsədimiz dəyişmədi. “Maksimir”də sərgiləyəcəyimiz taktikanı isə açıqlamaq istəmirəm. Bunu matç zamanı görəcəksiniz”.

Əsədov Bakı vaxtı ilə gecə saat 1:00-da başlayan tədbirin gec başlaması ilə bağlı suala zarafatla cavab verib: “Mətbuat konfransının yerli vaxtla belə gec – saat 22:00-da başlaması isə hər hansı sirrlə bağlı deyil. Özünüz bilirsiniz ki, futbolçular oyundan 1 gün əvvəlki son məşqinə qarşılaşmanın başlayacağı saatda çıxır. Elə siz jurnalistlər də sabah təxminən bu vaxt oyun sonrası mətbuat konfransına gələcəksiniz. Sizin də futbolçular kimi belə hazırlaşmağınızı lazım bildik”.